Baş nazir Benyamin Netanyahu Qəzzanın şimalını ilhaq etməyə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzetinin redaktoru Aluf Benn iddia ilə çıxış edib.

Onun sözlərinə görə, Baş nazir Benyamin Netanyahu Qəzzanın şimalında israillilər üçün yeni məskunlaşma yerləri qurmaq planlayır.

Adıçəkilən qəzetdə məqalə yazan Baş redaktor bildirib ki, İsrail ordusu Qəzza müharibəsinin artıq ikinci mərhələsinə daxil olub: "İsrail bu mərhələdə Qəzzanın şimalından Netzarim dəhlizinə (şimal və cənubu ayıran dəhliz) qədər bölgədə nəzarəti saxlamağa çalışacaq. Bu bölgə beynəlxalq müqavimət dərəcəsinə uyğun olaraq mərhələli şəkildə məskunlaşma və ilhaq üçün hazırlanacaq. Bu plan həyata keçərsə, İsrailin keçmiş Milli Təhlükəsizlik Şurasının sədri, istefada olan general Giora Eilandın təklif etdiyi kimi, Qəzzanın şimalında qalan fələstinlilər aclıq təhlükəsi altında və canlarını qorumaq adı altında oradan qaçacaq".

Benn qeyd edib ki, Netanyahu İsrail ərazisini genişləndirmək arzusundadır və bu baş verərsə, bu, onun üçün mütləq uğur olacaq.

Lamiyə Əhmədli

MİA.AZ