Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı “Kamalə Harrisi dəstəkləyəcəm” deyən Rusiya prezidenti Vladimir Putin merika siyasətində çalxalanma yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Vladimir Putininin  bu açıqlamasından narahat olduqlarını gizlətməyib.

O, ənənəvi brifiqdə bu barədə suala cavabda deyib ki, Putin Amerikadakı seçkilərə müdaxiləni dayandırmalıdır: "O, bizdəki seçkilər haqqqında rəy bildirməyi, ümumiyyətlə, danışmağı dayandırmalıdır. Nöqtə. O, bu və ya digər şəkildə heç kimə dəstək verməməlidir. ABŞ-ın yeni prezidentinin kim olacağına yalnız Amerika xalqı qərar verir. Putini ABŞ-da keçirilən prezident seçkilərini şərh etməkdən və seçkilərə müdaxilə cəhdindən əl çəkməyə dəvət edirik".

Xatırladaq ki, Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumuna qatılan Putin ABŞ-dakı prezident seçkiləriylə bağlı suala gülümsəyərək maraqlı cavab verib: "Sizə dediyim kimi, bizim favoritimiz prezident Bayden idi. İndi o, yarışdan geri çəkildi, lakin tərəfdarlarından xanım Harrisə dəstək vermələrini istədi. Buna görə də bunu edəcəyik. Biz də bunu dəstəkləyəcəyik. Əlbəttə, seçim Amerika xalqına məxsusdur və biz bu qərara hörmətlə yanaşacağıq".

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyaya hamıdan çox sanksiya tətbiq etdiyini qeyd edən Putin Kamala Harrisi belə xarakterizə edib: "Harris yüksək səslə və ətrafı özünə cəlbedici şəkildə gülür. Demək ki, hər şeydən məmnundur"

Lamiyə Əhmədli

MİA.AZ