Mərkəzi Seçki Komissiyası quruma daxil olan 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib.

Mia.az xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.

Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər.

Müzakirələrdən sonra 120 saylı Cəbrayıl-Qubadlı, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət), 73 saylı Masallı-Cəlilabad, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 10 saylı Binəqədi üçüncü, 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 78 saylı Lənkəran kənd, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət) daxil olan müraciətlər müvafiq dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.

Müvafiq olaraq 94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri göndərilib.

Qərarlar səsverməyə qoyularaq qəbul olunub.

Xatırladaq ki, dünən də 3 dairə üzrə şikayətləri araşdırmağa başlayıblar.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu gündən ancaq poçtla daxil olan və müəyyən edilmiş 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq: "Qanuna əsasən, müraciətlər üçün ayrılan vaxt başa çatıb. Poçtla göndərilən müraciətlərdə isə gecikmə olduğuna görə ştamp vurulan tarix 3 günlük müddətə uyğun gələn müraciətlərə MSK-da müzakirəyə çıxarılacaq. Tələbimiz budur ki, araşdırma ciddi aparılsın".

Mia.az