İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a bildirilib ki, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb:

"İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib".

Məlumatda qeyd edilib ki, bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib: "Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir".

***

İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev barəsində həbs qərarı verilib.

Mia.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qərarı seçilib.

Qeyd edək ki, o ötən gün saxlanılıb.Onunla birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanovun da saxlanıldığı bildirilir(Report).

***

İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

Mia.az “Qafqazinfo”ya isinadla bildirir ki, əməliyyatla Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.

Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.

***

Sentyabrın 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirib.

Mia.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Bələdiyyə və  İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

MİA.AZ