"Ermənistan günü sabah Azərbaycanla avtomobil yollarını açmağa hazırdır".
“İnterfaks” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməyə hazırdır(Report).
Paçinyan əlavə edib ki, Ermənistan Azərbaycana sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağı və ratifikasiya etməyi təklif edib: “Sülh müqaviləsinin 17 maddəsindən 13-ü, eləcə də giriş hissəsi tam razılaşdırılıb. 3 maddə qismən razılaşdırılıb. Elə maddə var ki, onun mətni böyük ölçüdə razılaşdırılıb. Biz bütün bu maddələri sülh müqaviləsi kimi imzalamağı təklif edirik. Dünən təklifimizi rəsmi Bakıya təqdim etdik.
Dünyada heç bir sənəd bütün mümkün sualları əks etdirə bilməz, heç bir sənəd bütün suallara cavab verə bilməz. Biz təklif edirik ki, mövcud razılaşmalar imzalansın və ratifikasiya olunsun, digər mümkün məsələlərin müzakirəsi isə davam etdirilsin. Razılaşdırılmış maddələrdə sülh sazişinin həyata keçirilməsi ilə bağlı bütün məsələləri daimi platformada müzakirə etməyə imkan verən mexanizm var. Sülh sazişi imzalandıqdan sonra tərəflərin diplomatik əlaqələr quracağı gözlənilir ki, bu da məsələlərin müzakirəsi üçün əlavə platformaya çevriləcək”.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasında Rusiyanın vasitəçiliyini qeyri-mümkün adlandırıb: "Siz necə təsəvvür edirsiniz ki, məsələn, regional kommunikasiyaların açılması məsələsində Ermənistanı təxribat törətməkdə günahlandıran bir ölkə vasitəçi kimi çıxış edəcək? Belə bir bəyanatla çıxış edən institut özünü bütün mümkün vasitəçiliklərdən kənarda qoyur. Harada görmüsünüz ki, vasitəçi əsassız ittiham irəli sürsün, sonra da bir yerdə oturub bu mövzunu onunla müzakirə edəsən?”.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni nəzərdə tutan Ermənistanın Sünik bölgəsində kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirmişdi.Ermənistan hökumətinin başçısı onu da bildirib ki, Ermənistan 2020-ci ilin noyabrında onunla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli birgə bəyanatdan geri çəkilmək niyyətində deyil.
MİA.AZ