FTB iyul ayında Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinq zamanı Donald Trampa sui-qəsd cəhdində istifadə edilən silahın, həmçinin sui-qəsdçinin avtomobilində tapılan çanta və orada olan partlayıcı maddələrin fotolarını yayımlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, FTB  bundan əvvəl 19 yaşlı sui-qəsdçi Tomas Metyu Kruksun internet axtarışları ilə bağlı yeni məlumatları ictimaiyyətlə bölüşüb.

Fotolara gəldikdə isə, hücumda istifadə edilən silahın qatlana bilən qundağı da yer alıb. Bildirilib ki, bu ehtiyat silahı mitinq sahəsinə gizlicə soxmaq üçün istifadə olunub.

FTB həmçinin bildirib ki, Kruks atəşdən əvvəl həm keçmiş prezident Trump, həm də prezident Co Baydenin seçki kampaniyası ilə bağlı tədbirlərin keçiriləcəyi məkanlarla bağlı araşdırma aparıb: "O, hansısa səbəbdən diqqətini Trampın evindən cəmi 40 dəqiqəlik məsafədə yerləşən Pensilvaniya mitinqinə yönəldib".

FTB-nin Pittsburq ofisindən məsul olan xüsusi agent Kevin Rojek bildirib ki, o, mitinqə fürsət kimi baxıb: "Araşdırma zamanı Tomas Metyu Kruksun hansısa ideologiyaya bağlı olmadığı da müəyyən olunub.. Həmçinin, sui-qəsd cəhdində xarici güc rolu da yoxdur..."

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler bölgəsində keçirdiyi mitinqdə qulağından güllələnib. Həmin hadisə zamanı mitinqdə iştirak edən 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 19 yaşlı sui-qəsdçi isə vurularaq öldürülüb.

Lamiyə Əhmədli

MİA.AZ