Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.
Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Bu gün Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
Mia.az-ın məlumatına görə, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiya liderinin avqustun 18-19-da Bakıya etdiyi dövlət səfərinin nəticələrini müzakirə ediblər.
Məlumata görə, danışıqlar zamanı əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə kömək edəcək. Bundan başqa, Putin və Əliyev birbaşa təmasların davam etdirilməsinə razılıq veriblər: "Rusiya bundan sonra da sülh müqaviləsinin bağlanmasında Azərbaycan və Ermənistana kömək etməyə hazırdır. Rusiya tərəfindən Bakı və İrəvana müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında mümkün olan hər cür kömək göstərməyə hazır olduğu təsdiqlənib”.