Çar Rusiyası Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycan ərazilərini işğal etdikdən sonra özünə xristian elementlərindən ibarət etnik dayaq yaratmaq üçün bir çox bölgələrə, həmçinin Azərbaycanın İrəvan bölgəsinə kütləvi şəkildə xristian mənşəli, xüsusilə də erməni əhalisini köçürməyə başladı. Müstəmləkəçi imperiyanın öz siyasi maraqlarına uyğun apardığı bu siyasət haqlı olaraq ərazidə ən qədim dövrlərdən yaşayan yerli azərbaycan türklərinin narazılığına səbəb olurdu ki, bu da imperiyanın öz maraqlarını istədiyi şəkildə həyata keçirməyə mane olurdu. Cənubi Qafqazda, həmçinin İrəvan bölgəsində öz siyasi-iqtisadi mənafelərini maneəsiz həyata keçirmək istəyən imperiya birinci addım kimi yerli türk-müsəlman əhalisini regiondan sıxışdırıb çıxarmaq və bu regiona xristian dininə mənsub olan əhalini yerləşdirməyə nail olmaq istəyirdi.
Çar Rusiyası 1828-ci ildə Cənubi Qafqazı işğal etdikdən sonra bu ərazilərə ermənilərin köçürülməsini təşkil etdi. 1826-1828-ci illərdə çar Rusiyası imperiyası ilə Qacarlar dövləti arasında baş verən müharibənin gedişində Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə 18 min erməni ailəsi köçürüldü. 1828-1830-cu illər ərzində isə Cənubi Qafqaza Qacarlar dövləti ərazisindən 40000, Osmanlı Türkiyəsindən 85000 erməni köçürüldü və onlar Yelizavetpol (1868) (1804-cü ilin yanvarınadək keçmiş Gəncə və Qarabağ xanlıqlarının əraziləri) və İrəvan (1849) quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı. 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində ermənilər üçün qondarma “Erməni vilayəti” də yaradıldı.
XIX əsrin 30-cu illərindən başlayaraq Rusiya imperiyası tərəfindən Cənubi Qafqazda həyata keçirilən xristian etiqadlı xalqların bu ərazilərə köçürülməsi işi getdikcə ardıcıl xarakter almağa, məqsədyönlü siyasətə çevrilmişdi. XIX əsrin axırlarında isə çar hökuməti köçürmə üzrə qanunvericilik aktlarının hazırlanmasına başlamışdı. 1899-cu il aprelin 15-də II Nikolay tərəfindən “Cənubi Qafqazda köçürməyə icazə” haqqında qanun imzalanıb. 1900-cü il dekabrın 22-də elan olunmuş yeni qanunda isə Qafqazda mülkü işlər üzrə baş rəisə icazə verilmişdi ki, “rus mənşəli və pravoslav dininə mənsub kəndlərin” vəsatətlərini yalnız ilkin qaydada müzakirə etməklə, onları xəzinə torpaqlarında yerləşdirsinlər. Yerli hakimiyyət orqanları çarın bu sərəncamını həyata keçirərək artıq 1901-ci ilin martında köçürmə sahələrini müəyyənləşdirməyə başladılar. 1904-cü ilin iyul ayında çar Rusiyası hökuməti tərəfindən daha yeni bir qanun verilmişdi: “Kənd əhlinin və əkinçi meşşanların könüllü surətdə haqqında müvəqqəti qaydalar” qanuna görə yalnız rus mənşəli, pravoslav dininə mənsub yerli adamların və ya üç idarənin – Daxili İşlər Nazirliyinin, Hərbi İdarənin və Qafqazda Mülkü İşlər üzrə Baş rəisin mülahizəsi ilə bölücü dini sektantlarına mənsub şəxslərin imperiyanın müsəlman ucqarlarına, o cümlədən də Cənubi Qafqaz diyarına köçürülməsinə icazə verilmişdi. Hələ çar Rusiyası tərəfindən Qafqaza göndərilmiş rus qafqazşünası İ. Şopen keçirdiyi siyahıyaalmada göstərirdi ki, Qacarlar dövləti və Osmanlı Türkiyəsi ərazilərindən İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə 57266 nəfər erməni köçürülmüşdü.
Castin Makkarti “Soyqırımı olmuşdurmu?” kitabında çar Rusiyasının o dövürkü müstəmləkə siyasətini xarakterizə edərək yazır ki, 1828 və 1854-cü illərdə ruslar iki dəfə Şərqi Anadoluya hücum etmiş və hər dəfə yerli ermənilər onların tərəfini saxlamışdılar. Hər iki halda ruslar çıxıb getməli olanda özləri ilə 100 min erməni tərəfdarını Qafqaza gətirmiş, onları qovulmuş müsəlmanların evlərində yerləşdirmişlər. O yazır: “...biz dəqiq bilirik ki, 1820-ci ildən 1920-ci ilədək təxminən 600 min erməni rus imperiyasının ərazisinə köçürülmüşdür. 2 mln. müsəlman isə Rusiyadan getmişdir”.
Cənubi Qafqazda araşdırmalar aparmış rus tədqiqatçısı Zelinski XVIII əsrdə İrəvanda, Qarabağda ermənilərin həm sayca, həm də yaşadıqları ərazi baxımından çox az olduğunu qeyd edirdi. O yazırdı: “Zəngəzurda XIX əsrə qədər cəmi üç erməni kəndi olmuşdu”.
İndiki Ermənistan Respublikası ərazisində (Qərbi Azərbaycanda) erməni dövlətinin olmadığını erməni alimi B. İşxanyan da etiraf edərək yazırdı ki, “ermənilər Qafqaz ərazisinin müxtəlif hissələrinə yalnız son əsrlər ərzində yayılmışlar... Qarabağda yaşayan ermənilərin bir hissəsi aborigendirlər, qədim albanların nəsilləridir, bir hissəsi isə Türkiyədən və İrandan qaçıb gəlmələrdir”. Ermənilərin bu ərazilərə gəlmə olduqları ilə bağlı 1907-ci ildə Cənubi Qafqaz üzrə rus pravoslav kilsəsinin sinodunun müfəttişi A. Frenkel qeyd edirdi: “Yerli ermənilər gəlmə ermənilərdən fərqlənirdilər, onlar gəlmələrlə bir-birlərini demək olar ki, başa düşmürlər, hətta onların arasında nikahlar da çox nadir hallarda baş tuturdu”.
1896-cı ildə Cənubi Qafqazın baş mülki rəisi general-adyutant Şeremetyev də özünün qeydlərində Cənubi Qafqazda ermənilərin 900000 nəfərə yaxın olduğunu, 1908-ci ildə isə onların sayının 1300000 nəfərə çatdığını yazırdı.
Çar hökuməti tərəfindən aparılan bu məqsədyönlü siyasət bütün XIX əsr ərzində davam etmiş və nəticədə Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı çar məmuru və publisist N. Şavrovun 1911-ci ildə yazdığı kimi: “Hazırda Cənubi Qafqazda yaşayan 1 mln. 300 min erməninin 1 mln nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən buraya köçürülənlərdir”.
XX əsrin əvvəlində onların Cənubi Qafqazda ən başlıca himayədarı olan Qafqaz canişini İ. İ. Vorontsov-Daşkov 1912-ci ilin oktyabrın 12-də çar II Nikolaya məktubla müraciət edərək yazırdı: “Həmişə bizə böyük xidmətlər göstərmiş ermənilərə himayədarlıq etməklə biz etibarlı müttəfiq qazanmışıq”.
Rusiya imperiyasının Cənubi Qafqazda təşkil etdiyi milli toqquşmalarla müşayiət edilən dağıdıcı müstəmləkə siyasətinin mahiyyətini I Dövlət Dumasının Yelizavetpol (Gəncə quberniyasından seçilmiş deputatı İsmayıl xan Ziyadxanov 12 iyun 1906-cı ildə keçirilən I çağırış I sessiyanın 25-ci iclasında 1906-cı il mayın 27-də İrəvanda tatarlarla (azərbaycanlılarla) erməniləri arasında baş vermiş toqquşmalar, əhalinin təhlükəsizliyinin təmin olunması tədbirləri barədə Nazirlər Şurası sədrinə verilən sorğuya dair müzakirələrdə iştirakı zamanı etdiyi çıxışında belə qiymətləndirirdi: “Biz müsəlmanlara onlar deyirdilər: siz iqtisadi cəhətdən erməniləri kölə vəziyyətinə salmısınız, onlar öz çarlığını yaratmaq istəyərək güclü silahlanırlar, bir gün görəcəksiniz ki, siz artıq yoxsunuz. Ermənilərə isə deyirdilər ki, panislamizm ideyası müsəlman cəmiyyətinin bütün təbəqələrinə dərin kök salmışdır və bir gün müsəlmanlar sizi tikə-tikə doğrayacaqlar. Fitnəkarlıq bu yolla gedirdi”
İ. Ziyadxanovun Dövlət Dumasında etdiyi bu çıxışdan 118 il keçməsinə baxmayaraq, 1988-ci ildən bu günə qədər keçən dövrün hadisələrini analiz etdikdə onun nə qədər uzaqgörən və müdrik bir insan olduğunun şahidinə çevrilirsən.
1915-ci ilin əvvəllərində İrandan Qafqaza köçürülən ermənilərin sayı barədə "Baku" qəzeti "Kavkazskoe slovo" qəzetinə istinadla yazırdı: “Çar Rusiyası işğal etdiyi Qacarlar dövlətinin ərazilərdən İrəvan quberniyasının ərazisinə köçürdüyü ermənilərin sayı 100-120 min nəfər olmuşdur ki, bu ermənilər əsasən İrəvan, Eçmiədzin, Sürməli, Aleksandropol, Naxçıvan və Yelizavetpol Quberniyasının dağlıq hissəsinə yerləşdirilmişlər”.
Çar Rusiyası tərəfindən ermənilərin kütləvi surətdə İrəvan Quberniyasının ərazisinə yerləşdirilməsi və silahlı dəstələrin yaradılması sonradan ərazinin aborigen əhalisi olan azərbaycan türkləri üçün ağır nəticələrə səbəb oldu. 1905-1906-cı illərdə azərbaycan türklərinin bir hissəsi ermənilərin yaratdığı silahlı terror dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirildi. I Dünya müharibəsinin gedişində 1917-ci ildə çar Rusiyasını idarə edən Romanovlar sülaləsi devrildi. Aleksandr Kerenskinin başçılıq etdiyi müvəqqəti hökumət Türkiyənin ermənilər yaşayan ərazilərinə muxtariyyət verilməsi haqqında məsələni qaldıracaqlarını bildirdi. Bundan həvəslənən silahlı erməni terror dəstələri 1918-ci ilin mart ayında Azərbaycan ərazisində türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirdilər. Ermənilər bununla da kifayətlənməyib 1918-ci ilin may ayında İrəvan şəhəri mərkəz olmaqla İrəvan Quberniyası ərazisinin 9 min kvadrat kilometr ərazisində Ararat (Ermənistan) Respublikasının yaradıldığını elan etdilər. Sonradan SSSR yaradılarkən İrəvan Quberniyasının digər ərazilərini (Dərələyəz, Qərbi Zəngəzur, Göyçə) Ararat (Ermənistan) Respublikasının ərazisinə daxil etməyə başladılar. Bolşeviklərin hakimiyyətə gəlişi ilə və SSRİ-nin mövcudluğu dövründə buna nail ola bildilər, lakin Türkiyə ərazisində nə muxtariyyət, nə də dövlət qurmaq niyyətlərini həyata keçirə bilmədilər.
Ədəbiyyat
1. Шопен И.И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербург: 1852, 1251 с.
2. Зелинский С.П. Экономический быт государственных крестьян Зангазурского уезда Елизаветпольской губернии // Материали для изучении экономического быто государственных крестьян Загафгазского края. т. 4., Санкт-Петербург: 1886.
3. Ишханян Б. Народности Кавказа (Статистико-экономическое исследование). Петроград: 1916, 16 с.
4. Гусейнзаде Р.А. Кавказ и армяне. Второе издание .Баку:Apоstrоff,2014, 486 с.
5. Seyidzadə D.B. Azərbaycan XX əsrin əvvəllərində: müstə¬qil¬liyə aparan yollar. Bakı: Ulduz, 1998, 187 s.
Bəxtiyar HƏSƏNOV
AMEA. tarix üzrə fəlsəfə doktoru, dosent
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun “Cənubi Qafqaza erməni köçü: xronikası, mahiyyəti” layihəsi çərçivəsində hazırlanıb.
Ermənilərin Qərbi Azərbaycana köçürülməsi... - Bəxtiyar Həsənov yazır
DİGƏR XƏBƏRLƏR
2024-11-27 00:19
2024-11-26 23:10
2024-11-26 16:49
2024-11-26 16:23
2024-11-26 15:02
2024-11-26 12:51
2024-11-26 12:16