“Ölkədə icra başçılarına qarşı birmənalı olmayan münasibət ondan qaynaqlanır ki, onların bəziləri xalqın, millətin, kasıb təbəqənin əlində olanları yeyirlər. Millət də baxıb görür ki, dünənki gədə gəlib, bu gün milyoner olur”.

Mia.az
-ın məlumatına görə, bu sözləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Partiya sədri Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun 11 il 6 ay həbs edilməsi fonunda sosial şəbəkələrdə rüşvətxor məmurlarla bağlı yazılan fikirlərə, habelə bəzi icra başçılarına qarşı olan reaksiyalara şərh bildirib.

H. Hacıyev diqqətə çatdırıb ki, sabiq icra başçısı vaxtilə Şəmkirdə özü üçün bir çox şeylər edib:

“O, özünə balıq gölü düzəltdirmişdi, özünü Şəmkirin padşahı adlandırırdı. Qısası, rüşvətxorun biri idi, ona görə də millət belə səviyyəsiz, korrupsioner adamlar tutulanda sevinirlər ki, qisasları alındı. Belə adamlar xalqdan deyillər, əksinə, onlar oğurluqla məşğul olan adamlardır. Onun üçün də əksəriyyəti Alimpaşa kimi bu gün “türmə”lərdə çürüyür. Təəssüf ki, xalqımız bir az unutqandır. 20 Yanvar qətliamını törədən adamı teleqram vurub Azərbaycana gətirən adam Baş nazir oldu, indi də yığdığını yeyir. Amma gərək onu ölü-diri yerinə qoymazdılar. Eləcə də başqa nazirlər, rayon icra hakimlərini də…”

“Bu adamların hamısı xalqı o qədər incidiblər ki, xalq da onlara cəza veriləndə sevinir və deyir ki, “şükür Allaha, onlar bizdən oğurladıqlarına görə həbs edildilər”. Düşünürəm ki, yaxın gələcəkdə də belə adamlar həbs olunacaq və daha neçə-neçə “alimpaşalar”, “vəlipaşalar” haqqında ciddi tədbirlər görüləcək. Mənə elə gəlir ki, müharibədən sonrakı dövrdə rüşvətxor zümrə təmizlənməli və onlarla bağlı ciddi tədbirlər görülməlidir. 1-2 gədə-güdəyə görə milləti, dövləti onların ayağına verə bilmərik. Odur ki, alimpaşalar çoxdur və onlar da cəzalarını alacaqlar”, – deyə MMP lideri fikirlərini tamamlayıb.

MİA.AZ