Bolqarıstanın hərbi saytı olan "en.globes.co.il" yazır ki, Ermənistan İsrailin "Aerospace Industries" şirkətindən Barak 8 (MR-SAM) havadan müdafiə sistemi almaq istəyir.
Bu sistemi İsrail ilə Hindistan birgə istehsal edir.
Bugünlərdə bu məsələ ilə bağlı yazmışdım. Demişdim ki, Hindistan 15 ədəd "Akash 1S" zenit raket kompleksini Ermənistana satıb. Rəsmi İrəvan bu silaha 720 milyon dollar ödəyib. Statistikaya görə, bu silahdan Hindistandan başqa Ermənistan və Sudan istifadə edir.
Yenə də rəsmi məlumatlara görə, Hindistanın özü İsrailə 5 milyard dollar ödəyərək Barak 8 (MR-SAM) sistemi alıb. Mərakeş isə bu sistemə artıq 500 milyon dollar ödəyib.
Onu da qeyd edim ki, Azərbaycan 75 raketi ilə birlikdə İsraildən 12 ədəd Barak 8 (MR-SAM) havadan müdafiə sistemi alıb.
Bu sistem yalnız bu adını çəkdiyim ölkələrin hərbi arsenalında yer alır.
Artıq nüfuzlu hərbi mütəxəssislər də deyir ki, Ermənistan İsraildən Barak 8 (MR-SAM) almaq istəyir. Ancaq İsrail Ermənistana bu silahı çətin ki satsın. Çünki bu satış Azərbaycanla İsrail arasındakı isti münasibətlərə müəyyən soyuqluq gətirə bilər.
Bu arada isə Ermənistan Fələstini müstəqil dövlət kimi tanıyıb. Bununla da ermənilərlə yəhudilər arasında ziddiyyətlər daha da dərinləşib. Heç şübhəsiz ki, Ermənistanda anti-yəhudi düşüncəsinin güclənməsində İsrailin Azərbaycana hərbi dəstəyi dayanır.
Xatırladım ki, Qüdsdə (Yerusəlim) olan erməni məhəlləsi şəhərin 4 qədim hissəsindən biridir. Həmin məhəllədə yerli sakinlərlə yəhudilər arasında ciddi və davamlı qarşıdurma var.
İrəvanda olan yeganə yəhudi sinaqoqu isə az qala hər ay vandal hücuma məruz qalır. Belə bir ortamda İsrailin Ermənistana silah satması qətiyyən real deyil.
"En.globes.co.il" yazır ki, son aylarda İsrail və Azərbaycan arasında mühüm sazişlər imzalanıb. Onlardan biri də dəyəri 1.2 milyard dollarlıq "Barak MX" hava hücumundan müdafiə sisteminin Azərbaycana çatdırılması ilə bağlıdır.
Gördüyünüz kimi, HƏMAS-İsrail qırğınının ən qızğın çağında da İsrail Azərbaycana lazım olan silahları tədarük edərək rəsmi Bakıya çatdırmaqda qəralıdır.
Elbəyi Həsənli, Sürix
MİA.AZ