Azərbaycanın sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürəcəyi barədə iddialara münasibət bildirib. 

Mia.az-ın məlumatına görə, sabiq nazir Pravda.az-a açıqlamasında namizədliyini irəli sürmək fikrində olmadığını qeyd edib.

 “78 yaşım var. Son illər parlament gəncləşib, Milli Məclisə gənclər gəlir. Arzu edirəm ki, parlamentimizə daha qabiliyyətli, bilikli, bacarıqlı, vətənpərvər, millətin yolunda hər şeyi etməyə hazır olan gənclər gəlsin. Şəxsən mənim belə bir fikrim yoxdur ki, bu yaşımda gedəm parlamentdə nəsə edəm. İkincisi, neçə illərdir, Yeni Azərbaycan Partiyasının, YAP-ın Ağsaqqallar Şurasının da üzvüyəm. Hər birimiz, o cümlədən mən Partiyanın əsgəriyik. Partiya bizə qarşıdan gələn parlament seçkilərində hansı vəzifələri tapşırsa, mən də onu yerinə yetirməyə hazıram”. 

 M.Mərdanov parlamentdə daha çox yaşlı deputatların aktivlik göstərmələrinə isə belə cavab verib: “Əgər aktiv olanlar doğrudan da belə hesab edirlərsə, buyursunlar, Milli Məclisdə işləsinlər. Parlamentdə çoxlu təcrübəli adamlar var. Olsun. Mənim şəxsən belə bir fikrim yoxdur”.