Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.

Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar.

Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Səfər çərçivəsində nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.

Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

***

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başa çatıb.

Məlumata görə, danışıqlar 4 saat davam edib.

Təfərrüatlar barədə məlumat verilmir.

****

Xarici işlər naziri Ceyhun Bayramov bu gün Qazaxıstanda Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar və s. müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər: "Ceyhun Bayramov həmsöhbətinə münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib".

Qeyd edək ki, bu gün Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək. 

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.