Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində qeydə alınıb. Belə ki, iki nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

***

TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub: "Çağırış ünvanında 2 nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb. 2 nəfər (kişi cinsli) isə dəqiqləşməmiş koma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmət göstərilib, müalicələri davam etdirilir. Vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir".

Xatırladaq ki, hadisə Bayıldakı "My Music” otelində baş verib.

MİA.AZ