İçərişəhərdə 4-5 mayda keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Mia.az-a bildirilib ki, məhdudlaşdırma 3-5 mayda Qoşa Qala girişi, Kiçik Qala küçəsi 52-128, Qüllə küçəsi 15-22, Böyük Qala küçəsi 41-51, Asəf Zeynallı küçəsi 21-65 ünvanlarında həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın ilk Milli Xalça Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə həyata keçirilir.
İki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədiləcək.