Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsini endirib. Belə ki, qurumun İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5 faizdən 7.25 faizə, faiz dəhlizinin yuxarı həddi 8.5 faizdən 8.25 faizə endirilib. Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25 faiz saxlayıb.

Bəs, uçot faiz dərəcəsinin endirilməsi kredit faizlərinə, manatın məzənnəsinə necə təsir edəcək?

Mia.az-ın məlumatına görə, məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, Mərkəzi Bankın bu qərarı kredit faizlərinin aşağı düşməsinə təsir etməyəcək:

“Bu il devalvasiya olmayacaq. Amma 2025-in sonu 2026-nın əvvəli hökumət bu addıma getməyə məcbur qalacaq”.

İqtisadçının sözlərinə görə, inkişaf etmiş ölkələrin mərkəzi bankları, Türkiyə Mərkəzi Bankı və s. qərar verərkən qiymətli kağızlar bazarını, məzənnə siyasətini nəzəra alır.

"İnflyasiya basqılarını azaltmağa çalışır. Bizdə isə qiymətli kağızlar bazarı yoxdur, bazar iqtisadiyyatının institutları isə ya yoxdur, ya zəifdir, məzənnə inzibatidir. Ona görə də, Mərkəzi Bankın bütün istəklərinə, müasir iş prinsipləri üzrə fəaliyyət qurmaq cəhdlərinə baxmayaraq, iqtisadiyyatın özündən qaynaqlanan problemlərə görə qərarları ciddi effekt yarada bilmir. Yəni, Mərkəzi Bank bu sistemdə nə qədər çalışsa da, təsir mexanizmləri yaratmaqda çətinlik çəkir. Deməli, iqtisadi sistem dəyişməlidir ki, Mərkəzi Bank da dövlət orqanı olaraq həm hökumətə, həm də iqtisadiyyata ciddi təsir mexanizmləri yarada bilsin”.