Dünya Bankı (DB) 2024-2025-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu yeniləyib.
Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında qeyd olunub.
Hesabata əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır.
DB-nin proqnozuna əsasən, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 35 dollar azdır.
Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8 % , 2025-ci ildə isə 1,7 % azalacaq.
Qeyd olunur ki, 2023-cü ildə 1 ton buğdanın qiyməti 340 dollar olub, bu da 20,8 % azalma deməkdir.
Maraqlıdır, bu, çörəyin qiymətinı təsir edəcəkmi?
Bununla bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, çörək 3 ildir ucuzlaşmır:
“Azərbaycan taxıl bazarından ərzaq buğdasının tonunu 234 dollardan alır. Bizim aldığımız buğda Dünya Bankının göstəricisindən də 50 dollar aşağıdır. Bildirim ki, hazırda çörəyi qiymətini ucuzlaşdırmaq imkanımız var. Sadəcə olaraq, çörəkbişirmə seqmenti inhisarda olduğuna və rəqabət mühiti olmadığına görə, çörəyin qiyməti enmir. Hazırda 1 ədəd “zavod” çörəyinin maya dəyəri 30 qəpikdir, amma 55 qəpiyə satırlar. Məhz üç ildir çörəyin kəskin ucuzlaşması üçün yaxşı fürsət yaranıb. Yalnız ötən il “zavod” çörəyi 15 qəpik ucuzlaşıb".
Onun sözlərinə görə, çörəyin ucuzlaşmama səbəbi xarici deyil, daxili faktorlardan asılıdır:
"Ərzaq buğdası ucuzlaşdıqca çörəyin maya dəyəri aşağı düşür, amma çörəyin maya dəyəri aşağı düşdükcə çörəyin qiyməti aşağı düşmür. Orada çörək idxalı ilə məşğul olan sahibkarların mənfəəti artır. Bu, qiymətdə özünü göstərmir. Yalnız hökumətin təzyiqlərindən sonra “zavod” çörəyinin qiyməti 15 qəpik düşdü".