Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi Almaniyanın Federal Kansleri Olaf Şolts və xarici işlər naziri xanım Annalena Berbok qarşılayıblar.

Sonra tədbir iştirakçıları birgə foto çəkdiriblər.

Aparıcı: İndi isə biz Azərbaycan Respublikasının Prezident Zati-aliləri cənab İlham Əliyevin çıxışını dinləyəcəyik.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Kansler.

Hörmətli xanım nazir.

Xanımlar və cənablar.

Əvvəlcə, “Petersberq Dialoqu”nda iştirak etmək üçün məni dəvət etdiyinə görə cənab Kanslerə təşəkkürümü bildirmək istəyirəm. Bu gün burada sizinlə olmaq böyük şərəfdir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Hazırlıq üçün bizim bir ildən də az vaxtımız qalırdı. Beləliklə, biz yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik.

COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.

Bunları söyləyəndə, mən 120 ölkəni birləşdirən hərəkatda, yəni Qoşulmama Hərəkatında bir neçə il – dörd il ərzində sədrliyimizi nəzərdə tuturam. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz COVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıq və 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdik. Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır.

Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Hesab edirəm ki, bu, həmçinin əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Beləliklə, həmin müxtəlif rollar, fikrimcə, yaxşı həmrəylik ruhunu yaradacaq və bizə məqsədlərimizə nail olmağa imkan verəcək. COP-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimizdən dərhal sonra bəzi mətbuat orqanları əsas diqqətini bizim enerji quruluşumuza və enerji tarixçəmizə yönəltdilər. Mən hər zaman demişəm ki, neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik.

Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb.

Biz xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlamışıq. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Bir sözlə, bu, əslində, hər kəs üçün uduşlu variantdır. Biz olduqca münbit sərmayə mühitini yaratmışıq. Qeyd etdiyim bütün həmin yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir.

Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək. Bir sözlə, yekun fikrim ondan ibarətdir ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin, eyni zamanda, artıq qeyd etdiyim kimi faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar.

Cənab Kansler, xanım nazir, dəvətə görə bir daha minnətdaram. Sizin aranızda olmaqdan böyük şərəf və iftixar hissi duyuram. Sizə uğurlu müzakirələr arzulayıram. Sağ olun.

x x x

Sonra Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts çıxış edərək deyib:

-Hörmətli cənab Prezident Əliyev. Mən Sizi növbəti İqlim Konfransının təşkilatçısı, bizim qonağımız kimi salamlamaqdan məmnunam.

Hörmətli xanım Annalena Berbok, cənab nazirlər.

Xanımlar və cənablar, sizin hamınızı Berlində salamlamaqdan çox məmnunam.

Kansler Olaf Şolts Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentinin iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələrin həlli baxımından mühüm əhəmiyyətini vurğuladı. O, yaşıl enerjiyə keçidlə bağlı bütün ölkələrin səyləri birləşdirməsinin vacibliyini xüsusi diqqətə çatdırdı. Artıq həmin istiqamətdə 78 dövlətin konkret iş birliyi yaratdığını dedi.

Olaf Şolts Dubayda keçirilmiş COP28-dən sonra bu sahədə məqsədyönlü tədbirlərin daha da gücləndirildiyini bildirərək dedi:

-Biz buradan Dubayda keçirilmiş beynəlxalq İqlim Konfransının uğurlarına boylanırıq. Eyni zamanda, biz səy göstəririk ki, bu ilin noyabrında Bakıda, gələn il isə Belendə keçiriləcək konfranslarla bugünkü konfransın uğurunu əlaqələndirək. Bizim məqsədimiz “Petersberq İqlim Dialoqu” vasitəsilə buna töhfə verməkdir.

Almaniyanın Kansleri iqlim dəyişikliyi ilə bağlı 2030-cu ilə qədər dünyada əsaslı irəliləyişə nail olunacağına əminliyini vurğuladı. O, qarşıda duran vəzifələrin həlli üçün Azərbaycanda keçiriləcək COP29-a qədər də ardıcıl iş aparılacağını vurğulayaraq bildirdi:

-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya birlikdə “Üçlük” olaraq öz qarşılarına məqsəd qoyublar ki, COP29 və COP30 istiqamətində milli səviyyədə müəyyən edilmiş töhfələrin birgə təqdim olunması üçün fəaliyyət göstərsinlər. Məhz bu istiqamətdə olan format uzunmüddətlidir və mən bunu alqışlayıram. Federal hökumət bütün gücü ilə bunu dəstəkləyəcək. Xanımlar və cənablar, Almaniya artıq bu istiqamətdə kurs götürüb.

Kansler Olaf Şolts iqlim dəyişikliyi ilə bağlı tədbirlərin lazımınca həyata keçirilməsi üçün ilkin hesablamaya görə təqribən 2,4 trilyon dollar vəsaitin lazım olacağını bildirdi. O, yaşıl texnologiyalara keçid və qarşıda duran digər çoxsaylı vəzifələrin öhdəsindən bacarıqla gəlmək üçün birgə səyləri daha da gücləndirməyin zəruriliyini bildirərək vurğulayıb:

-Bakıda keçiriləcək konfransda 2025-ci ildən sonra da iqlimin maliyyələşdirilməsi əsas danışıqlar predmeti olaraq qalacaq. On beş il bundan əvvəl olduğu kimi, biz artıq gələcəyin texnologiyasından qoşqu kimi istifadə etmirik. Biz artıq nail olmuşuq ki, texnologiyaların qlobal səviyyədə maliyyələşməsi, yayılması mümkün olsun, özü də mümkün münasib qiymətlərlə.