Polşada tanınmış şəxslər casus proqramları ilə həm izlənilib, həm də dinlənilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Polşanın baş prokuroru Adam Bodnar bildirib.

Onun sözlərinə görə, keçmiş baş nazir Mateusz Morawiecki dövründə hökumət rəsmiləri İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanmış "Pegasus" casus proqramından qeyri-qanuni istifadə etməklə, yüzlərlə insanı "nəzarət"də saxlayıb: "Təəssüf ki, keçmiş hökumət  "Pegasus" casus proqramından daha geniş istifadə edib. Əlbəttə, əlimizdə olan faktlar şok və kədərləndiricidir...".

Baş Prokuror deyib ki, əldə olunan məlumatlara əsasən, 2017-2022-ci illər ərzində hökumətin 3 qurumu ümumilikdə 578 nəfəri casus proqramlar ilə izləyərək, onlara aid şəxsi məlumatları ələ keçirib: "Bunlar həıtta şəxsi həyata müdaxilənin qanunsuzluğuna belə məhəl qoymayıblar. Ancaq fakt odur ki, yüzlərlə şəxs dinlənilib, izlənilib və onlıar barədə gizli və qanunsuz informasiyalar toplanılıb. İndi onlardan hansının kimə qarşı necə istifadə edilməsini araşdırırıq".

Ölkənin baş prokuroru qeyd edib ki, məsələni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Xatırladaq ki, İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanmış "Pegasus" casus proqramı bütün dünyada telefon danışıqlarına qulaq asmaq, səs yazmaq, e-poçtları izləmək və telefonlardan istifadəçilərin icazəsi olmadan fotoşəkil çəkmək və sair kimi casusluq fəaliyyətləri üçün istifadə edilir.

Samir Musayev

MİA.AZ