Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verdi.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

Prezident İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında məhdud tərkibdə görüş olub.

***

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli qonaqlar.

Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

Sizi ölkəmizdə görməyimizə çox şadıq. Bu, Sizin dövlət səfərinizdir. Əminəm ki, səfərin yekunları ölkələrimiz və xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcək.

Bu gün Sizinlə məhdud dairədə ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə etdik. Həm ikitərəfli münasibətlərin inkişafı məsələlərində, həm də bizim beynəlxalq təşkilatlarda iştirakınızla bağlı məsələlərdə, beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı dəstək üzrə mövqelərimiz tam üst-üstə düşür. Bu gün Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcəyik, müvafiq nazirliklərin nümayəndələrinin görülən işlər haqqında hesabatını dinləyəcəyik. Prinsip etibarilə ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üzrə iş heç vaxt dayandırılmayıb. Müvafiq nazirliklər, idarələr daimi təmasdadırlar, fəal qarşılıqlı fəaliyyət göstərirlər və müntəzəm məsləhətləşmələr keçirirlər. Ona görə də əminəm ki, bugünkü səfər həm də nazirlər üçün qarşılıqlı fəaliyyətimizin aktual məsələlərinin müzakirəsinə imkan yaradacaq.

Bu gün Sizinlə artıq investisiya sahəsində əməkdaşlığın perspektiv məsələlərini müzakirə etdik və dediyim kimi, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərini artırırıq, çünki bu imkandan istifadə etmək istəyən biznesmenlərdən çoxlu müraciətlər daxil olur. Beləliklə, zənnimcə, bu, investisiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm aləti olacaq.

Həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Qırğızıstanın bu sahədə böyük potensialı var və Azərbaycan şirkətləri bərpaolunan enerji sahəsində işləməkdə maraqlıdır. Bu gün bu mövzunu da müzakirə edəcəyik.

Əlbəttə, biz gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasına ümid edirik. Bunun üçün perspektivlər mövcuddur. Bu gün imzalanacaq sənədlər bu istiqamətdə yaxşı baza yaradacaq.

Əlaqələrimizi daha böyük məzmunla tamamlamaq üçün, əlbəttə, gələcəkdə nəqliyyat sahəsində də fəal əməkdaşlıq edəcəyik. Çünki həm Qırğızıstanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur layihələri həyata keçirilir, fəaliyyətimizin birləşdirilməsi və əlaqələndirilməsi yeni dəhlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir.

Çox şadam ki, bu gün Sizinlə qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışında iştirak edəcəyik. Bu, ölkələrimiz arasında sıx qardaşlıq münasibətlərinin daha bir təzahürüdür.

Bir daha xoş gəlmisiniz.

x x x

Qırğızıstan Prezidenti Sadır Japarov deyib:

- Hörmətli İlham Heydər oğlu, sağ olun.

Hörmətli iclas iştirakçıları.

Hörmətli İlham Heydər oğlu, əvvəlcə icazə verin, qardaş Azərbaycana dövlət səfəri etməklə bağlı dəvətinizə, həmçinin mənə və Qırğız Respublikasının nümayəndə heyətinin üzvlərinə göstərilən səmimi qəbula görə Sizə təşəkkürümü bildirim.

Qırğızıstan-Azərbaycan dostluğu haqqında Sizin sözlərinizə məmnuniyyətlə qoşulmaq istəyirəm, Sizinlə tam razıyam. Qonaqpərvər Azərbaycan torpağında Sizinlə bir daha görüşməyimə, Qırğızıstan-Azərbaycan əməkdaşlığının gələcək inkişafı haqqında fikirlərimi bölüşməyimə ürəkdən şadam. Əminəm ki, bu səfər iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhfə olacaq, bu gün imzalan sənədlər isə əməkdaşlığımızın genişlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, bütün sahələrdə praktiki əməkdaşlıq üçün geniş imkanlarımızın olduğu barədə Sizin fikrinizlə razıyam. Qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Biz Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət veririk. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır. Məhdud formatda görüşdə biz artıq əməkdaşlığımızın bir çox mühüm məsələlərini müzakirə etdik, onun əsas istiqamətlərini, prioritetlərini qeyd etdik və Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirələri davam etdirəcəyik. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

***

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

***

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”ni imzalayıblar.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Qırğız səhiyyə naziri Alımkadır Beyşenaliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qırğız energetika naziri Taalaybek İbrayev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və Qırğızıstan iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”nı imzalayıblar.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstan rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”u və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Qırğızıstanın ədliyyə naziri Ayaz Bayetov “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qırğızıstanın təhsil və elm naziri Doqdurkul Kendirbayeva “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Qırğızıstanın əmək, sosial təminat və miqrasiya naziri Qulnara Baatırova “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”i və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i imzalayıblar.

Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalanıb.