Yaratdığı məişət qalmaqallarına görə, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bəzi sosial yönümlü verilişlərin mövsüm sonunda, yəni iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacağına dair iddialar yayılıb.

Sosial şəbəkələrdə yayılmış məlumata görə, ATV-də Zaur Bəxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Elgiz Əkbərin “Elgizlə izlə”, Xəzər TV-də Lalə Azərtaşın “Təsir dairəsi”, Zaur Kamalın “Həmin Zaur” verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib və sentyabr ayından efirdə daha səviyyəli verilişlərin yayımlanması gözlənilir.

Mia.az-ın məlumatına görə, Lent.az bu məlumatın nə dərəcədə doğru olub –olmadığını öyrənməyə çalışıb.

ARB-dən sorğumuza cavab olaraq bildirildi ki, efir toru barədə öncədən məlumat verməyi etik hesab eləmirlər:
“Hansı verilişlərin efirə gedəcəyi hələ bilinmir. Çünki 2025-ci ilin efir şəbəkəsi üzümüzə gələn iyun ayında müzakirə olunacaq. Hansı verilişlərin təqdim olunacağı barədə öncədən məlumat vermək olmur”.

Xəzər TV-dən Lalə Azərtaşın “Təsir dairəsi” verilişinin yığışdırılması barədə məlumat təsdiqlənsə də, “Həmin Zaur” verilişİnin taleyi barədə məlumat verilmədi.

ATV kanalından isə ümumiyyətlə, bu barədə heç bir məlumat verə bilməyəcəklərini bildirdilər.

“Bəzi verilişlərin efir müddəti azaldılıb, amma onlara qadağa qoyulmayıb” deyə qeyd edildi.

Qeyd edək ki, bu iddiaların səslənməsinin səbəbi özəl telekanalların rəhbərlərinin bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı ciddi xəbərdarlıq almalarıdır.
Görünən odur ki, özəl telekanallar hələlik “qızıl yumurtlayan toyuqlarını”, yəni cəmiyyətini mənəviyyatını korroziyaya uğratsa belə, böyük pullar qazandıran proqramlarını kəsmək fikrində deyillər.
.