“Space” televiziyası ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi. Artıq mən “Space” televiziyasının rəsmi əməkdaşı hesab olunuram”.

Mia.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkə hesabında yazıb.

Qanunsuz olaraq “Space”dən kənarlaşdırılan aparıcı kanala qalib gəldiyini xatırladan Zamirə Dadaşova bildirib ki, artıq sözügedən televiziyasının rəsmi əməkdaşıdır: ““Space” televiziyası ilə əməkdaşlıq edib-etməyəcəyimi isə zaman göstərər. Bu gün özlərinə də dedim. Sabah kimin harada olacağı bəlli deyil. Mən “Space” televiziyasına qayıtdım, amma sabah Vado Korovinin kanala rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Elə mənim də sabah hansı vəzifələrdə ola biləcəyim sual altındadır. Bircə onu deyirəm ki, Allah heç kimi heç kimin yanında xəcalətli etməsin. Bir-birimizi görəndə atdığımız addımlardan utanmayaq. Üzlərə baxmağa üzümüz olsun. Bu da bir hekayənin sonu. Gözəl başlanğıclar arzusu ilə...”