Səfər Əbiyev bir müddət əvvəl nisbətən gənc və perspektivli general Zakir Həsənovla əvəzlənsə də, Milli Orduda baş verən ölüm və intihar hallarının sayı azalmaq bilmir. Müdafiə naziri Zakir Həsənovun həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunda baş verən qanunsuzluqların qarşısını almaq üçün kifayət etmir. Milli Orduda sonuncu ölüm hadisəsi iki gün əvvəl qeydə alınıb. Müdafiə Nazirliyinin tabeliyindəki "N" saylı hərbi hissədə əsgər bir yoldaşını öldürüb, birini də yaralayandan sonra canına qəsd edib. Hazırda hadisənin səbəbləri araşdırılır. Bu faktla bağlı cinayət işi qaldırılsa da, analoji hadisənin tezliklə başqa bir hərbi hissədə təkrarlanmayacağına heç kim təminat verə bilməz. Əksinə, mütəxəssislər hesab edirlər ki, ötən dövrlə müqayisədə 2014-cü ildə Milli Orduda əsgər ölümlərinin sayı daha çox olacaq.
Səfər Əbiyev Milli Ordunu "qapalı zona" elan etmişdi. Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini, jurnalistləri hərbi hissələrə buraxmırdılar. Ordudakı neqativ hallardan yazan jurnalist dərhal "vətən xaini" elan olunurdu. Bu xəlvət "dərə"də tülkülər çaqqal kimi gödən yırtırdılar. Bunun nəticəsində isə gənc övladlarımız dünyasını dəyişir, Azərbaycan Ordusuna inam və etibar sürətlə azalırdı. Təəssüf ki, ordu rəhbərliyi dəyişəndən sonra da problemlər həllini tapmadı. Bunun başlıca səbəblərindən biri zabit heyətinin savadsız olmasıdır. Nədənsə, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul zamanı gənclərin fiziki göstəriciləri əsas götürülür. Halbuki savadlı gənclərin Ali Hərbi Məktəbə cəlb olunması çox vacibdir. Kiçik zabit heyətilə bağlı vəziyyət daha acınacaqlıdır. Adını yaza bilməyən adam da müddətdən artıq hərbi qulluqçu statusunda orduda fəaliyyət göstərə bilir. Azərbaycan Ordusunda gizirlərin gülüş obyektinə çevrilməsinin bir səbəbi də onların savadsız olmasıdır.
Bu məsələni araşdıranda məlum oldu ki, Azərbaycanda arxa cəbhədə xidmət edən leytenant ayda 450 manat maaş alır. Aydın məsələdir ki, savadlı gəncləri bu maaşla ordu sıralarına cəlb etmək mümkün deyil. 450 manatla dolana bilməyən leytenant zabit şərəfini pula, kontura satmaq məcburiyyətində qalır. Yaşadıqları mənzillərin kirayə haqqını ödəmək üçün zabitlərə ayda cəmi 49 manat pul verilir. Valideynləri rayonda yaşayan gənc zabit 49 manata Bakıda ev kirayələyə bilərmi? Hansı ki, Milli Məclisin deputatları xaricdə olanda onların bir gününə 150-200 dollar ezamiyyət pulu verilir...
Milli Ordu ilə yanaşı, hərbi prokurorluq orqanlarında da islahatlar aparılmalıdır. Təəssüf ki, hərbi prokurorluqda çalışan insanlar çox vaxt rüşvət alıb, orduda baş verən qanunsuzluqları ört-basdır edirlər. Nəticədə cəzasızlıq mühiti növbəti cinayət əməllərinin törədilməsinə rəvac verir.