"Qəzzanın idarəçiliyi Fələstinə verilməyəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu CNN televiziyasına müsahibəsində Ağ Evin müşaviri Çeyk Sullivanın gələcək Fələstin dövlətinin sərhədləri ilə bağlı açıqlaması barədə suala cavabda deyib.
Netanyahu bildirib ki, İsrail Qəzzanın idarəçiliyini əsla Fələstin rəhbərliyinə vermək niyyətində deyil: "Çünki Fələstin administrasiyası keçmişdə Qəzzanı nəzarətində saxlaya, oranı hərbsizləşdirə və terrorçulardan təmizləyə bilməyib. O səbəbdən, biz bu müharibədən sonra Qəzzada yeni mülki hakimiyyət quracağıq. Hazırda HƏMAS-ı tamamilə yox etmək uğrunda savaşırıq. HƏMAS-ı birdəfəlik məhv edəcəyik, onun dirçəlməsinə əsla imkan verməyəcəyik. Bu, terrorun yenidən canlanmaması üçün çox vacibdir. Ona görə də, bölgədə yeni mülki hakimiyyətlə yanaşı, İsrail ordusunun dominant təsiri mütləqdir".
Xatırladaq ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Cek Sullivan CBS News telekanalında müshaibəsində "Gələcək Fələstin dövlətinin sərhədi İordan çayının qərb sahili və Qəzza zolağının yenidən birləşməsini əhatə etməlidir", - deyib.
Netanyahunun qeyd edilən açıqlamasından isə görünür ki, rəsmi Tel-Əviv bunu qəbul etmək niyyətinə deyil.
Lamiyə Əhmədli
MİA.AZ