İstanbulun Büyükçekmece bölgəsində yerləşən Avropanın 4-cü, dünyanın isə 17-ci ən böyük televiziya qülləsi satışa çıxarılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 1998-ci ildə inşasına başlanan və 55 milyon dollara başa gələn qüllənin satış qiyməti heyrətamizdir.

Məlumata görə, qüllənn sahibi olan tikinti şirkətinin müflis olması və daha sonra borclarını ödəyə bilməməsi səbəbindən məhkəmə qərarı ilə hərrac yolu ilə satışa çıxarılıb: "Qüllə üçün ilkin olaraq 249 milyon 395 min 434 TL qiymət müəyyən edilib. Bu, hazırkı kursla təxminən 12 milyon dollar edir. Yəni 43 milyon dollar zərərlə satılır. Avqustun 1-dən etibarən hərraca start veriləcək".

Büyükçekmece Bələdiyyə sədrinin müavini Ömər Kazancı bildirib ki, televiziya qülləsinin bələdiyyə ilə hazırda həra hansı bir əlaqəsi yoxdur: "Bu, bələdiyyəmizdə aidiyyatı olmayan tikinti şirkətinə aid bir qüllədir".

Xatırladaq ki, teleqüllənin tikintisinə 1998-ci ildə başlanmış və 2008-ci ildə kobud tikintisi başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir. Qüllənin tikintisində 8 min kubmetr beton, 900 ton dəmir və 650 ton poladdan istifadə olunub. Büyükçekmece Bələdiyyəsi və Endem İnşaat A.Ş. A.Ş. tərəfindən inşa edilən televiziya qülləsi 55 milyon dollara başa gəlib. 

Türkiyənin ilk televiziya qülləsi olan qüllə 230 metr hündürlüyü ilə Avropanın 4-cü, dünyanın isə 17-ci ən böyük televiziya qülləsi olma xüsusiyyətinə malikdir. Qüllədə 25 nəfərlik 2 lift var. Bu liftlər yerdən baxış terrasının yerləşdiyi əraziyə 60 saniyəyə qalxır. Qüllədə 450 nəfərlik fırlanan restoran, kruiz və qəbul mərtəbələri var.

Lamiyə Əhmədli

Mia.az