Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Xatırladaq ki, dünən “Avroviziya 2011” qalibi Nigar Camal sosial şəbəkədə paylaşım edərək, bildirib ki, yolda gedərkən bir nəfər onun avtomobilinin qarşısını kəsib: “KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif hərəkətlərlə salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif hərəkətlər etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım ki, düşündüm əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi.
Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik-atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər – yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi”.
Ləman
Mia.az