Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" müstəqil teleradio şirkətinin rəhbəri vəzifəsindən gedib.

MİA.AZ xəbər verir ki, bu barədə telekanal xəbər yayıb.

Bildirilib ki, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.

Müşfiq Hətəmov 2021-ci ilin may ayında "Space" TV-yə rəhbər təyin olunmuşdu.

Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.

Vado Karovin “Şən və Hazırcavablar” klubunda “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb.