Avroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2023” müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi üçün çoxsaylı müraciətləri nəzərə alaraq qəbul vaxtını uzadıb.

Mia.az İTV-yə istinadla xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını [email protected] elektron ünvanına göndərməlidirlər.

Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.