"Hazırkı proseslər postmünaqişə dövrüdür".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev BMTM-də 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

O xatırladıb ki, təxminən 30 il ərzində Azərbaycan torpaqları işğal altında olub: "Erməni millətçiləri Dağlıq Qarabağ respublikasının olduğunu iddia edirdilər. Elə bilirdilər ki, biz bununla barışacağıq. Biz isə deyirdik ki, ərazi bütövlüyümüz təmin olunmalıdır. Torpaqlarımız işğaldan azad olundu. Artıq münaqişə bitib".

F.Şəfiyev deyib ki, Azərbaycan münaqişə gündəliyinə qayıtmır: "Çünki o vaxtkı gündəlik ATƏT-in Minsk Qrupunun çərçivəsində, Madrid prinsipləri çərçivəsində müəyyənləşmişdi. Amma ermənilər buna razı olmadılar. Bəlkə də, yaxşı oldu".

O bildirib ki, artıq yeni reallıq formalaşıb/Report.

Mərkəz rəhbəri deyib ki, rəsmi İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır: "Rusiya ənənəvi olaraq həmişə Ermənistanı dəstəkləyib. İndi buna imkanı qalmayıb. Bundan başqa, Ermənistan Türkiyədəki prezident seçkilərinin nəticəsini gözləyir. Amma Türkiyənin xarici siyasətində dəyişiklik olacağı ehtimalı yoxdur. Ermənistan həmçinin Rusiya-Ukrayna müharibəsinin hansı nəticə ilə bitəcəyini gözləyir".

Mia.az