Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib.

Mia.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilir.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Nəticədə Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb.