İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin 12 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Mia.az Azadliq.org-a istinadla xəbər verir ki, Vilyam Hacıyev haqqında hökmdə onun ailəsinə məxsus 5 milyon 344 min manatlıq əmlak və nağd pulun müsadirə olunması məsələsi də əksini tapıb.

Bu səbəbdən Vilyam Hacıyevlə yanaşı, onun ailə üzvləri – həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev də apellyasiya şikayəti veriblər. Onlar hökmün əmlak müsadirəsilə bağlı hissədə ləğv olunmasını istəyir.

Apellyasiya şikayətlərində Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzil və avtomobillərin, Məhəmməd Hacıyev isə 126 min manatlıq “Land Rover”in üzərindən həbsin götürülməsini istəyib.

İbrahimova Cülyetta Paşa qızının adına olan aşağıdakı əmlakların müsadirəsinə qərar verilib:

- Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində (“milyonçular məhəlləsi”) yerləşən fərdi ev – 1 milyon 850 min manat;

- Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil – 275 min manat;

- Xırdalan şəhərində yerləşən mənzil – 67 min manat;

- Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil – 86 min manat;

- Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil – 74 min manat;

- Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil – 65 min manat;

- Nardaran-Ləhiş yolunda bağ evi – 2 milyon 626 min manat;

- “BMW X5” markalı avtomobil – 22 min manat;

- “BMW 740-İ” markalı avtomobil – 33 min manat;

- “Bentley Continental GT” markalı avtomobil – 118 min manat.

Məhəmməd Hacıyevin adına olan yalnız bir avtomobilin – 126 min manat dəyərləndirilən “Land Rover”in müsadirəsinə qərar verilib.

1957-ci il təvəllüdlü Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişli rayonunun icra başçısı vəzifəsində işləyib. O, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, tutularkən evində və iş otağında aparılan axtarış zamanı 1 milyondan çox avro, funt-sterlinq və başqa pullar tapılıb.

Vilyam Hacıyevə 2022-ci ilin iyulunda hökm oxunub və o, 12 il azadlıqdan məhrum edilib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 311 (rüşvət alma) və başqa maddələrilə təqsirli bilinib.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini deyirdi.