Xural TV-nin rəhbəri Əvəz Zeynallının bu günə nəzərdə tutulan məhkəməsi təxirə salınıb.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

O bildirib ki, Ə.Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı verdikləri vəsatətə sabah saat 16:00-da Binəqədir Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev sədrlik etdiyi iclasda baxılacaq.

Rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən, Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.