Sentyabrın 14-də Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif edilən Xalq artisti Azər Paşa Nemətova “Şərəf” ordenini təqdim edib.

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan teatrının gələcək inkişafı, beynəlxalq əlaqələrinin genişlənməsi, yaradıcı şəxslərin dövlətimiz tərəfindən diqqətdə saxlanılması barədə fikir mübadiləsi aparılıb.

Nazir görkəmli rejissora gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Xalq artisti Azər Paşa Nemətov yaradıcılığının yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Azər Paşa Nemətov avqustun 12-də Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.