Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilən tanınmış aktyor, Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritik olaraq qalır.

Mia.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında aktyorun qızı Aytən xanım bildirib.

“Atamın müayinələri tam bitməyib. Sabah kompüter tomoqrafiyası olunacaq. Beynində oksigen çatışmır, ürəyində damar tıxanmaları var. Həkimlər əməliyyat olunacağını istisna etmir. Amma çox zəifdir. Onun bıçaq altına girməsinə razılıq verə bilmərəm. Hələ ki pnevmaniyadan əziyyət çəkir, əsas müalicələr bu istiqamətə yönəlib”, – deyə o qeyd edib.

O, aktyorun səhhətinin qəfildən pisləşdiyini deyib:

“Ad günündən sonra vəziyyəti getdikcə pisləşməyə başladı. Ayaqlarında qıcolmalar olurdu. Biz elə bilirdik, sadəcə ayağı ağrıyır, sən demə, beyninə oksigen getmirmiş. Yeməkdən kəsildi. Beşinci gün şəkəri, təzyiqi qəfildən düşdü, şoka girdi. İki dəfə dalbadal ürəyi getdi, yıxıldı, başı partladı. Təcili yardımla xəstəxanaya çatdırdıq”.

Qızı atasının kiminsə yardımına ehtiyacı olmadığını bildirib: “Mədəniyyət Nazirliyindən nümayəndələr gəliblər. Bizim kiminsə 300-500 manatına ehtiyacıımız yoxdur. Xəstəxanaya gələndən onu öz maddi vəsaitimizi xərcləmişik. Bizim bir istəyimiz var, tez bir vaxtda atamın Prezident təqaüdü alması təmin olunsun. Həmin pulla atamı müalicə etdirim. Bu onun halal haqqıdır. Atam ömrünü Azərbaycan kinosuna həsr edib. Niyə axı halal haqqını almasın? Atam qürurlu insandır, o heç vaxt qapı döyməyib, kiməsə ağız açmayıb, halal zəhməti ilə dolanıb. Amma sənətkardır, illərini verdiyi bu sənətdə haqqını da almalıdır ki, səhhəti ilə bağlı problemləri öz halal pulu ilə həll edə bilək”.