“Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.
“Biz həmçinin İranın regional formatlar, o cümlədən “3+3” mexanizmi çərçivəsində iştiraka və əməkdaşlığa konstruktiv mövqeyini alqışlayırıq. Yaxın gələcəkdə, “3+3” mexanizmi çərçivcəsində növbəti görüşə məhz İran ev sahibliyi edəcək”, - Azərbaycanın XİN rəhbəri bildirib/Report.
Nazir əlavə edib ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini artırmağa və Rəşt-Astara dəmiryolununun tikintisinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır
Regionda sülhün bərqərar olmasından danışan XİN rəhbəri Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmağa səy göstərdiyini deyib: “Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin və beynəlxalq əlaqənin bərpasına hazır olduğumuzu bəyan etmişik və iki ölkə arasında sərhəddin delimitasiya haqqında təklif irəli sürmüşük”.
Mia.az