Rusiyanın Krımı ilhaq etməsi rəsmi Moskvanın yeni imperiya yaratmaq niyyəti ilə əlaqələndirilir və bəziləri tərəfindən prezident Putinin Qərbi, xüsusilə də ABŞ-ı aldatması kimi qiymətləndirilir.
Qərbin nüfuzlu siyasətçiləri, ekspertləri və media nümayəndələri Barak Obamanı Rusiyanın dövlət başçısı Putinin məqsədlərini planlaşdıra bilmədiyinə görə sərt tənqid edirlər. Putinin təbliğatçıları isə Mosk-vanın Vaşinqtonu baş vermiş fakt qarşısında qoyduğunu vurğulayırlar. Barak Obama administrasiyasının belə tənqid olunmasına Vaşinqtondan verilən bəzi açıqlamalar da əsas verir.
Belə ki, Vaşinqtondan yayılan məlumatların birində qeyd edildiyinə görə, ABŞ kəşfiyyatı Rusiya qoşunla-rının Ukrayna ilə sərhəddə cəmləşməsini müşahidə etsə də, əsgərlərin sərhəddi keçməsi ilə bağlı əmrin olması barədə məlumat əldə edə bilməyiblər. Qərb mediasında yayılan məlumatlarda bildirilir ki, ABŞ kəşfiyyatı Rusiya rəsmilərinin danışıqlarını dinləsə də, hücum olacağı ilə məlumat almağı bacarmayıblar.
Sovet İttifaqının dağılmasından sonra bir çox siyasətçilərin Rusiyanın Ukraynanı, xüsusilə də Krımı ilhaq etmək niyyətində olması haqqında xəbərdarlıqlar etmələrinə baxmayaraq, Barak Obama administrasiyasını bu bəyanatları nəzərə almadığına görə də tənqid edirlər. Obamanın tənqidçiləri iddia edirlər ki, zaman-zaman verilən bu açıqlamalar nəzərə alınsaydı və gərəkli tədbirlər görülsəydi bu gün Rusiya Krımı ilhaq edə bilməzdi.
Rusiyanın Krımı ilhaq etməsinə görə Obama administrasiyasına qarşı yönələn tənqidləri diqqətlə izlədik-də, bunun bir kampaniya olması şübhəsi yaranır. Hətta Rusiyanın Krımı ilhaq etməsi Vaşinqtonun təxri-batının nəticəsi olması da istisna edilə bilməz.
ABŞ Avropanı fakt qarşısında qoyub
Varşava Müqaviləsi Təşkilatının buraxılması və Sovet İttifaqının dağılmasından sonra NATO-nun da artıq əhəmiyyətini itirməsi haqqında fikirlər səsləndi. Avropa Birliyi hətta Şimali Atlantika Alyansının əvəzinə özünün silahlı qüvvələrini yaratmaq haqqında düşünməyə başladı. Ancaq Rusiyada kommunistlərin ye-nidən güclənməsi, Putinin hakimiyyətə gəlməsi və bundən sonra liberal islahatların yerini avtoritarizmin tutması Avropanı narahat etdi.
Bəzi siyasətçilər, o cümlədən Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu hesab edir ki, Rusiyada li-beralizmin məğlub olması Avropanı qorxutdu və ABŞ-ın maraqlarına xidmət etdi. Bundan sonra Avropa Birliyi nəinki özünün silahlı qüvvələrini yaratmaq fikirindən daşındı, eyni zamanda NATO-nun Şərqə doğ-ru genişlənməsinə razılıq verdi.
Putinin dəfələrlə bəyanat verərək Rusiyanın qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını sübut etməyə çalışması Avropa dövlətlərini yenidən ABŞ-ın hərbi planlarına qarşı çıxmasına səbəb oldu. ABŞ-ın Şərqi Avropa ölkələrində Hava Hücumundan Müdafiə sistemləri yerləşdirmək niyyətinin rəğbət-lə qarşılanmaması, hətta bəzi dövlətlərin bunun əleyhinə çıxması müşahidə edilməyə başladı. Avropa Birliyi ölkələri hərbi xərclərini kəskin azaltdılar ki, bu da sonda ABŞ-ın hərbi-sənaye kompleksi üçün ciddi itkilərə səbəb oldu. Son illər ABŞ-ın silah satışında azalmaların müşahidə edilməsi də bunun nəticəsidir.
Bundan başqa, Avropa Birliyi ABŞ-la Azad Ticarət Zonasının yaradılması ətrafında danışıqları uzadaraq, Vaşinqton qarşısında bir sıra əlavə tələblər qoyması Ağ Evin əsəblərini tarıma çəkirdi. ABŞ-ın bütün dövlətlərin, o cümlədən NATO-dakı müttəfiq ölkə rəhbərlərinin danışıqlarını dinləməsi məlum olduqdan sonra isə Avropa ölkələri açıq-aşkar Vaşinqtona etiraz etməyə başladılar. Qərb blokunda parçalanma ol-masa da, ciddi fikir ayrılıqlarının yaranması reallığa çevrilmişdi. ABŞ Avropadakı mövqelərini itirirdi və bu mövqeləri Rusiya ilə yaxın münasibətdə olan Almaniya qazanmağa başlayırdı. İranın nüvə silahı yaratmaq niyyətində olması və Avropanı gözləyən qorxunc ssenarilər haqqında aparılan güclü təbliğat kampaniyası belə "köhnə dünya"nın Vaşinqtona üz tutmasına səbəb olmadı. Artıq ABŞ-ın hansısa ciddi addım atması zərurətə çevrilmişdi.
Krımın işğalı kimin xeyrinə oldu?
Ukraynada üç aylıq etiraz aksiyasından sonra iqtidarla müxalifətin ümumi razılığa gəlməsindən bir gün sonra prezident Viktor Yanukoviçin istefaya göndərilməsinin əsl səbəbi yəqin ki, uzun illər sonra məlum olacaq. Ancaq bu gün, bu prosesin arxasında Vaşinqtonun "görünməz əli"nin dayandığını ehtimal et-mək olar. Ukraynada iqtidarla müxalifətin Avropa liderlərinin təzyiqləri ilə bir araya gəlməsi, anlaşma imzalanması prosesinin Vaşinqtonun təmsilçisi olmadan həyata keçirilməsi də Avropa Birliyinin "köhnə dünya"da problemləri ABŞ-sız yoluna qoymaq cəhdi kimi qəbul oluna bilərdi. Amma görünür, Ağ Ev buna imkan vermək fikrindən çox uzaqdır.
Avropanın aparıcı ölkə təmsilçilərinin zəmanətçi qismində imzaladıqları iqtidar-müxalifət anlaşmasının mürəkkəbi qurumamış Yanukoviç istefaya göndərildi. Bu hadisə isə Yanukoviçi hakimiyyətdə saxlamağa çalışan, onu Gömrük İttifaqına qoşulmağa inandırmaq üçün 15 milyard dollar kredit və ucuz qaz verməyi vəd edən Rusiya üçün çox gözlənilməz oldu. Rusiya özünü aldadılmış və təhqir olunmuş hesab etdi. Bu-nun ardınca Rusiya Ukraynaya hərbi müdaxilə etdi və Krım ilhaq olundu. Krımın ilhaqı Avropada yeni-dən Rusiya qorxusu haqqında həyəcanlı bəyanatları meydana çıxarmaqla bitmədi. Avropa ABŞ-a qarşı duyduğu narazılıqı dərhal unutdu və üzünü Vaşinqtona çevirdi. Avropalı siyasətçilər ABŞ-la Azad Ticarət Zonasının yaradılması ilə bağlı müqavilənin dərhal imzalanmasını, Hava Hücumundan Müdafiə sistemlərini yerləşdirməyi sürətləndirməyi və ən nəhayət, hərbi xərcləri artırmağı tələb etməyə başladılar. Belə görünür ki, Rusiyanın Krımı ilhaq etməsi Avropa Birliyini yenidən ABŞ-ın ağuşuna atdı və artıq ABŞ Avropada, xüsusilə də Şərqi Avropada hərbi mövcudluğunu gücləndirməyə başlayıb. Bundan sonra da ABŞ-ın Avropa Birliyi üzərində təsiri artmaqda davam edəcək. Dünya liderliyinə cam atan hər bir ölkə hök-mən Avrasiyaya hakim olmalıdır. Avrasiyaya hakim olmaq isə Avropaya hakim olmaqdan başlayır.
ABŞ-ın dünya liderliyi son 20 ildə məhz Vaşinqtonun Avropa üzərində əsas söz sahibi olmasının nəticəsi idi və bu amil son zamanlar təhlükə altında idi. İndi isə Rusiyanın Krımı ilhaq etməsi bu təhlükəni aradan qaldırdı. Avropa üzərində hakimiyyətini təmin edən ABŞ-ın yeni hədəfi heç şübhəsiz ki, Avrasiyadır. Onun bu məqsədinin də yolunu məhz Rusiyanın Krımı ilhaq etməsi açmaqdadır.
Məsələ ondan ibarətdir ki, Krımın ilhaq edilməsi Rusiyada qısa müddətli əsassız coşqu yaratsa da, Şimal qonşumuz üçün təhlükəli prosesin təməlini qoyub. Belə ki, Krımın ilhaq edilməsindən sonra qorxuya düşən Avropa Rusiyanın siyasi, diplomatik və iqtisadi təcridi ilə bağlı ABŞ-ın planına qoşulub.
Almaniyanın zəif etirazına Avropadan dəstəyin gəlməməsi Rusiyanın siyasi və diplomatik təcridini reallaşdırmaqdadır. ABŞ bir anda "Böyük səkkizliyi" "Böyük yeddiliyə" çevirərək Rusiyaya ilk diplomatik zər-bəsini endirdi. Rusiya BMT və digər beynəlxalq təşkilatlarda tam təkləndikdən sonra Vaşinqtonun Moskvanı diplomatik məkanda məğlub etməsi fakta çevrildi. Bu prosesin daha da dərinləşəcəyi gözləni-lir.
Bundan başqa, Avropa Birliyi Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmaqla bağlı qərar qəbul edib. Avropa Birliyi indi Rusiya qazını ABŞ-ın şist qazı ilə əvəz etmək niyyətindədir. Artıq Rusiya qazını Avropaya çıxaracaq "Cənub axını" layihəsinin gerçəkləşməsi gündəmdən çıxıb. ABŞ Rusiyanın iqtisadi təcridini gücləndirəcəyi halda Moskvanın çox böyük pullar hesabına Avropaya çəkdiyi "Mavi axın" və "Şimal axını" qaz kəmərləri metal yığınına çevrilə bilər. Rusiya dünyanın ən zəngin bazarı hesab olan Av-ropa Birliyi məkanını itirsə, bu, Şimal qonşumuz üçün çox ağır nəticələr verəcək. Bu prosesin Rusiyada iqtisadi tənəzzülə və sosial partlayışlara səbəb olacağı da proqnozlaşdırılmalıdır.
Krımın ilhaqı və yarımadanın yerli əhalsi olan Krım türklərinin bu ilhaqla barışmaması Rusiya üçün daha bir təhlükədir. Belə ki, Rusiya ərazisində yaşayan qeyri-rusların, xüsusilə türk və müsəlmanların etirazla-rı başlayıb. Rusiya ərazisində yaşayan türk və müsəlman xalqalarının ictimai və siyasi təşkilatları mənsub olduqları xalqları Moskvanın əsarətinə qarşı mübarizəyə səsləyirlər. Hətta silahlı mübarizəyə çağrışlar da səslənir. Hələlik bəyanatlar və çağrışlar, dinc etiraz aksiyaları ilə müşaiyət olunan bu proses Krımda etnik savaş başlayacağı halda qanlı savaşa çevrilə bilər. Bu isə Rusiyanı əhatə edən müsəlman dövlətlərini və ümumilikdə bütün İslam dünyasını Rusiyanın üzərinə qaldırmış olar. Orta Asiyanın ən güclü dövləti Özbəkistanın Krımın işğalını sərt şəkildə tənqid etməsi də yuxarıdakı proqnozun reallıqdan uzaq olmadığını göstərir.
Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Krımın ilhaqı Rusiyanın deyil, onun əsas rəqibi olan ABŞ-ın işinə yarayıb. Belə görünür ki, Rusiyanın Krımı ilhaq etməsi Vaşinqtonun çox böyük hədəflərinin reallaşmasına doğru gedən yolun incə planıdır.