Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Cəlilabadda “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı layihənin növbəti tədbirini keçirib.
Mia.az xəbər verir ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
İki hissədən ibarət tədbirin birinci hissəsi maarifləndirici seminar formatında olub. Layihə üzrə təlimçi Ayxan Bağırov narkotik vasitələrin orqanizmə təsirləri, narkomaniya asılılığı və narkomaniyaya qarşı mübarizə haqqında toplantı iştirakçılarına bilgi verib. Təlimçi çıxışında narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin qanunlarla tənzimlənməsi, eləcə də reallıqda qanunların necə işlədiyi haqqında da danışıb.
İkinci hissədə isə dinləmələr və müzakirələr olub. Həm yerli icma təmsilçiləri, həm Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı, kapitan Aqşin Səfərli bölgədə narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı fəsadlar haqqında çıxışlar ediblər. Bildirilib ki, İranla həmsərhəd bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi son illər xüsusilə çoxalaraq ciddi hüquqi-sosial problemlər yaradıb və maarifləndirmə işini gücləndirmədən bu ağır problemin aradan qaldırılması mümkün deyil.
Müzakirələr zamanı o da bəlli olub ki, son illərdə qadınların da narkotiklərin dövriyyəsi prosesinə cəlb edilməsi çoxalıb. Yerli sakinlər bildiriblər ki, bu cinayəytlərə görə həbs edilən qadınların çoxu bu cinayətlərdə heç də şüurlu şəkildə iştirak etmirlər. Onları narkotacirlər aldatma yolu ilə bu nəhəng narkoticarətin qurbanına çevirir, hüquqi məsuliyyəti onlar daşıyır, əsas tacirlər isə kölgədə qalır. Bu səbəbdən cəmiyyətin bütün təbəqələrini narkotiklərlə bağlı cinayətlərdən qorumaq üçün davamlı maarifləndirmə işi aparılması məqsədəuyğun hesab edilib.
Bundan başqa, narkomaniyanın cəmiyyətin əsas dayağı olan ailə institutuna vurduğu ziyan haqqında geniş fikir mübadiləsi olub. DİN əməkdaşlarının səsləndirdiyi statistikadan bəlli olub ki, son illər boşanmaların sayında narkotiklərlə bağlı cinayətlərin ağırlığı çoxalıb. Toplantı iştirakçıları bildiriblər ki, mediada maarifləndirmə işlərilə yanaşı icmalarla birbaşa görüşlər daha dinamik qərarların verilməsi, problarmin daha dərindən öyrənilməsi üçün son dərəcə vacibdir.