Demokratiya və İnsan Hüquqları Komitəsi Biləsuvarda “Narkomaniyaya qarşı mübarizə sağlam həyata  təminatdır" adlı layihənin növbəti tədbirini keçirib.  

Mia.az xəbər verir ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Seminar, ardınca isə dəyirmi masa formatında təşkil olunan tədbirə yerli icma nümayəndələri ilə yanaşı, yerli daxili işlər orqanlarının, icra strukturlarının əməkdaşları da qatılıb.

Seminarı layihə üzrə təlimçi Ayxan Bağırov aparıb. O, toplantıya qatılanlara narkomaniya haqqında geniş bilgi verib, onun yaratdığı sosial bəlalardan, narkomaniyaya ilə bağlı mübarizə tədbirlərindən, qanunvericilikdə nələrin nəzərdə tutulmasından danışıb. Ayxan Bağırov bildirib ki, son illər sintetik tərkibli narkotik vasitələrin geniş yayılması çox ciddi problemə çevrilib:“Narkotiklərlə mübarizə tədbirləri zamanı ortaya çıxan faktlar onu deməyə əsas verir ki, son 2 ildə qiyməri 3-5 manat olan narkotik vasitələr yeniyetmələr arasında sürətlə yayılıb. Bu, genefondumuza vurulan ağır zərbədir və biz cəmiyyət olaraq bunun qarşısını almaq üçün çox ciddi tədbirlər görməliyik. Həm məktəblərdə, həm icmalarda narkotiklərin insan həyatında yaratdığı dəhşətli faktları ictimailəşdirməklə, maarifləndirməni genişləndirmək vətəndaşlarımızın, xüsusən gənclərimizin bu işdən çəkinməsində ciddi rol oynaya bilər”.

Daha sonra narkitiklərlə bağlı cinayətlər üzrə qanunvericilikdə nəzərdə tutulan cəzalar, bu cinayəti törədənlərə qarşı heç bir yüngülləşdirici halın nəzərə alınmaması haqqında danışılıb. Bildirilib ki, narkotiklərlə bağlı cinayətlərə qoşulan insanların nə fiziki, nə psixoloji, nə də sosial reabilitasiyası mümkün olur və ailələr də, cəmiyyət də həmin insanları itirir. Bu səbəbdən ailələrin xüsusilə gənclər üzərində nəzarəti gücləndirmələri tövsiyə edilib.

Dəyirmi Masa formatında keçirilən ikinci hissədə isə Biləsuvar Rayon Polis İdarəinin əməkdaşı Elsevər Səfərov rayonda narkotiklərlə bağlı criminal informasiyaları toplantı iştirakçılarının diqqətinə çatdıb. O, bildirib ki, statistika heç də ürəkaçan deyil və hökumət və cəmiyyətin ortaq qərarları, birgə addımları olmasa, durum daha da ağırlaşa bilər.

Yerli sakinlər isə çıxışlarında narkotiklərin məktəblərə, ailələrə yol açmasından ciddi narahatlıqlarını ifadə ediblər. Onların sözlərinə görə, təhsildən yayınma halları, işsizlik, vətəndaşların məşğulluğu üçün gərəkli addımların atılmaması regionda narkotiklərə meylliliyi artırıb. Bəzi insanlar varlanmaq məqsədilə narkotik dövriyyəsinə vasitəçi, satıcı kimi qoşulsalar da, bəziləri sadəcə işsizlikdən bu bəlanın ağuşuna düşürlər. Ona görə də təklif olunub ki, maarifləndirmə işlərilə yanaşı regionlarda məşğulluğun səviyyəsi də sürətlə yüksəldilsin.