Neçə gündür ki, Milli Məclisin deputatı Etibar Hüseynovun qaçqın və məcburi köçkünlərlə bağlı səsləndirdiyi məntiqsiz, bir o qədər də təhqiredici fikirləri müxtəlif kontekstlərdən müzakirə olunur.

Böyük əksəriyyət, onun çıxışını izləyən də, ondan-bundan eşidən də, həqiqi narahat olanlar da, yalançı patriotlar da deputatın üstünə hücum çəkdilər. Bir qarabağlı kimi mən də Etibar Hüseynovun həmin səviyyəsiz çıxışını qınayanlardanam. Hər şeyi bir kənara qoyuram, adam həmin verilişdə nə dediyini özü də bilmir. Neçə il guya qələm sahibi olasan, söz deyəsən, fikrini ifadə eləməkdə bu qədər çətinlik çəkəsən? Etibar Hüseynov həmin fikirləri ilə vaxtiylə yeddi arxa dönəninin çıxıb gəldiyi yeri aşağılayıb, heç özünün də xəbəri yoxdur. İllərlə bütün fəaliyyətini onu-bunu təhqir eləmək üzərində quran bir şəxs-dən bundan artığını gözləmək də yersizdir.
Düzdür, Milli Məclisin son iclasında Etibar Hüseynov dedi ki, televiziyadakı çıxışında kiminsə heysiyyatı-na toxunan ifadə işlədibsə, həmin insanlardan üzr istəyir. Onun telekanalda həmin fikirləri səsləndirərkən aldığı filosofsayağı görkəmi ilə parlamentdə üzr istəyərkən aldığı miskin obrazını müqayisə edəndə, adamın nə qədər əzildiyini görmək çətin olmur. Mənə elə gəlir ki, Oqtay Əsədovun ona dediyi sözlərdən sonra Etibar Hüseynova heç nə demək lazım deyil. Oqtay müəllimin "Çox ciddi tənqid olundu. Bacardığı qədər, qabiliyyəti çatdığı qədər üzr istədi. Əslində, yaxşı ki, ətraflı danışmamısan. Bu vəziyyət-dən sonra nə qədər az danışsan, daha yaxşıdır", - deməsindən və bunun qarşılığında E.Hüseynovun qurbanlıq quzu kimi boynubükük dayanmaqdan başqa çarəsi qalmadı. Etibar Hüseynov üzr istədi, cava-bın aldı, vəssalam. Bu məsələni saqqız kimi uzatmağın da bir mənası yoxdur.

Ancaq son dövrlər məni narahat edən başqa bir məqam var. Milli Məclisin sədri Oqtay Əsədov nədənsə, çox aqressivləşib. İclas zamanı narazılıq edən, problemdən danışan, hətta spikerin zövqünə uyğun olmayan bir fikiri işlədən deputata sərt cavab verir. Etibar Hüseynov nə qədər haqsız olsa da, səviyyəsiz söhbət eləsə də, camaatı təhqir eləsə də, Milli Məclis üzvüdür. (Onun mətləbə dəxli yoxdur ki, o man-datı necə qazanıb. - Z.Ə.) Bütün hallarda deputatı uşaq kimi danlamaq, ona yol göstərmək nəinki qa-nunvericiliyə, heç bir əndazəyə sıxmır.
Mənim Etibar Hüseynovu müdafiə etmək niyyətim yoxdur. Oqtay müəllimin onu tənbeh etməsi məni zərrə qədər də narahat etmir. Amma bu ölkənin Baş prokuroru, Ədliyyə naziri olmuş, hüquq elmlər doktoru, partiya sədri, millət vəkili statuslarına sahib olan İlyas İsmayılova qarşı analoji mövqenin sərgi-lənməsi qəbuledilməzdir.

Əslində, spikerin deputatlara qarşı bu cür davranışı yeni deyil. Bir vaxtlar mərhum spiker Murtuz Ələsgərov da müxalifətçi deputatlarla mübahisə edirdi. Amma Oqtay Əsədovun davranış üslubu daha sərt, daha aşağılayıcıdır. Milli Məclis, millət vəkili dövlətin atributlarından sayılır. Millət vəkilinə toxunulmazlıq statusu təkcə ona fiziki baxımdan qorunmaq hüququ vemir. Bu, eyni zamanda, onun heysiyyatının, şəxsiyyətinin, sıravi vətəndaşdan daha toxunulmaz olduğuna dəlalət edir. Amma görünən odur ki, biz-də Milli Məclisin də, onun üzvlərinin də toxunulmazlığı simvolikdir. Belə olan halda onların vəkillikləri də simvolik olur...