Cəlilabadda məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib.

Mia.az rayon prokurorluğuna istinadla bildirir ki, 8.02.2022-ci il tarixdə Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib: "Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilmişdir".