Son sutkada Rusiyanın hava hücumundan müdafiə sistemləri biri “Bayraktar-TB2” olmaqla Ukraynanın 9 pilotsuz uçuş aparatını vurub.

Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bugünkü brifinqdə deyib.

O bildirib ki, son gündə Rusiya aviasiyası Ukraynanın 100-ə yaxın hərbi obyektini sıradan çıxarıb: "Əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində 93 obyekti, o cümlədən iki komanda məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 69 ərazini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin üç silah-sursat anbarını vurub.

Bununla da Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya hərbçiləri Ukraynanın 800-dən çox pilotsuz təyyarəsini və 300-dən çox zenit-raket kompleksini, həmçinin 164 təyyarə və 125 helikopterini məhv edib. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 164 təyyarə, 125 helikopter, 807 pilotsuz uçuş aparatı, 302 zenit-raket kompleksi, 3000-ə yaxın tank və digər zirehli döyüş maşını, 360 reaktiv yaylım atəşi sistemi, 1455 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2808 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".