“Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə bağlı Ermənistana təkliflər verib”.

Mia.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri də sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılması olub: "Komissiyanın aprel ayının sonuna qədər ilk iclasının keçirilməsi planlaşdırılırdı. Bundan sonra hələ görüş keçirilməmişdən öncə mənim Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Telefon danışıqları zamanı biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik".

Ceyhun Bayramovun Qarabağdakı rus hərbçilərindən də söz açıb: “Qarabağda sülhməramlıların yerləşdirilməsi üçtərəfli bəyanata əsasən həyata keçirilib. Onlar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər. Düzdür, sülhməramlılarla bağlı vaxtaşırı hansısa suallar yaranır, o suallar hələ də Qarabağda Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərin edilməsi ilə bağlıdır. Belə olan halda bunlar müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin bu müstəvidə həll edilməsinin tərəfdarıdır”.

Nazir qeyd edib ki, hazırda Bakı ilə İrəvan arasında müxtəlif istiqamətlərdə təmaslar var. Eyni zamanda kommunikasiyaların açılmasına dair işçi qrupu mövcuddur: "Müdafiə nazirlikləri arasında bir müddət əvvəl "qaynar xətt" yaradılıb. İntensiv olmasa da, mən də bir neçə də Ermənistan xarici işlər naziri ilə telefonla danışmışdım. Bizim sülh müqaviləsi və ümumiyyətlə regionda sabitlik üçün vacib olan elementlərlə bağlı mövqeyimiz ondan ibarətdir ki, əsas tərəflər Azərbaycan və Ermənistandır və kimsə bizim əvəzimizə müqavilə imzalamayacaq”.