Qayıdış İctimai Birliyinin sədri, kulturoloq Hasil Tağıyevlə 60 illik yubileyi ərəfəsində görüşdük.

 Əvvəlcə onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, daha sonra söhbətləşdik:

- Eşitdik səhhətinizdə bir az ağrı-acı olub. İndi necəsiniz, özünüzü necə hiss edirsiniz? 

̶  Hə, bir az problem oldu. Şükür, indi yaxşıyam, özümü yaxşı hiss edirəm. 

-  Bir kulturoloq, bir nüfuzlu mədəniyyət işçisi kimi istərdik yubileyiniz günlərində həyat yolunuza nəzər yetirib, arxada qalan günlərə işıq tutasınız. 

- Təşəkkür edirəm. Məmnuniyyətlə. Kənd klubunun müdiri, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru, İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri (o vaxt belə adlanırdı), Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzində sektor müdiri vəzifələrində işləmişəm. Əgər Azərbaycan mədəniyyətinə az da olsa, töhfə verə bilmişəmsə, nə xoş mənə! 

Hazırda Bakı şəhərində yaşayıram, Qayıdış İctimai Birliyinin sədriyəm. Qarabağ zəfərində şəhidlik zirvəsinə yüksələn Vətən aşiqləri barədə sənədli filmlər çəkirik. Onların həyat və döyüş yolu, gənc nəslə çatdırılması istiqamətində xeyli uğurlu işlərimiz var. Düşünürəm ki, torpaqlarımızın işğaldan azad olunmasında, bu tarixi və böyük qələbədə Azərbaycan mədəniyyətinin və çoxsaylı mədəniyyət işçilərinin də əməyi böyükdür. Biz hər zaman mübariz iradəli Ali Baş Komandanımız İlham Əliyevin daxili və xariçi siyasətini bəyənərək, ona sədaqətimizi əməli fəaliyyətimizdə göstəririk. 

- Hasil müəllim, İmişlidə müəyyən hadisələr oldu. Sabiq icra başçısı Vilyam Hacıyev dövründə Siz böyük bir idarəyə rəhbərlik edirdiniz. Onun idarəetməsindən Siz də əziyyət çəkdinizmi? Fikirləriniz maraqlı olar. 

- Vilyam Hacıyev İmişliyə icra başçısı təyinatı alanda, mən Mədəniyyət və Turizm Şöbəsinin (o vaxt belə adlanırdı) müdiri idim. Onunla 9 ay işlədim. Aidiyyatı olmayan, iş sferamdan kənar tapşırıqlar verirdi. Tanıyanlar bilir ki, o vaxt səhhətimdə ciddi problemlər yaranmışdı. Xəstəliklə baş-başa qaldığım bir zaman Vilyam "Qılınc"ını üstümə çəkdi. Elə bilirdim ki, uzun illər məni rəhbər vəzifələrdə işlədən, iş qabiliyyətimə bələd olan nazirlik və şəxsən nazir Əbülfəs Qarayev məni müdafiə edəcək. Yaxud, kimlərsə Vilyama xəstəliyimi, vicdanlı, işgüzar və ixtisaslı kadr olduğumu deyəcəklər. Ancaq belə olmadı. Mən onun "Qılınc"ı ilə oynamağa taqətsiz olduğumdan ərizə verib işdən çıxdım və Bakı şəhərində əməliyyata getdim. Dalbadal keçirdiyim əməliyyatlardan çox, mənə Vilyam Hacıyevin hərəkətləri və hər zaman fəaliyyətimi nümunə göstərən nazirliyin mövqeyi zərbə oldu. 

- Övladlarınız, onların peşə yolu barədə bilmək istərdik. 

̶  İki qızım var: Həmidə və Şəkər. Hər ikisi univeristet təhsilindən sonra işləyirlər. Həmidə ailəlidir, bir övladı var. Anamın adını daşıyan Şəkər xanım isə nişanlıdır, iyun ayında toyu olacaq. 

- Başqa nə demək istərdiniz?

̶  İmişlidə doğulmuşam. Əzizlərim hamısı orada yaşayır. Ata-anamın qəbri o torpaqdadır. O torpağa, o torpağın insanlarına sevgim sonsuzdur. Hər dəfə İmişliyə gedəndə, doğma insanlarla birgə olanda qəlbim, ruhum təzələnir, sevincimin həddi-hüdudu olmur.

Asim Hüseynli