“Azərbaycan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”.
Mia.az xəbər verir ki, bu sözləri Report-un Şərqi Avropa bürosunun müxbirinin sualını cavablandırarkən Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rəsmi Bakı indiyədək Ukraynaya humanitar, tibbi yardımlar göndərib: “Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlamaq mümkündür, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və mürəkkəbdir. Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük”.
Azərbaycanla yanaşı, Türkiyə ilə də yaxşı münasibətlərin olduğunu vurğulayan dövlət başçısı rəsmi Ankaranın hazırda tərəflərlə diplomatik görüşlər keçirdiyini bildirib: “Türkiyə vasitəçi kimi çıxış etməyə hazır olan ölkələr arasında lider olmaq istəyini nümayiş etdirir. Türkiyə açıq-aydın bəyan edir ki, təhlükəsizlik təminatçısı ölkələrindən biri olacaq.
“Bayraktar” məsələsinə gəldikdə isə bunlar bizim dronlardır, bizim Türkiyə ilə birgə istehsal olunmuş çox sayda dronlarımız var. Biz bu texnologiyadan istifadə edirik. Amma bütün hörmətimlə səmimi deyirəm ki, bu, fərqli bir müharibədir. Ekspertlər deyirlər ki, 21-ci əsrdə heç biri ilə müqayisə oluna bilməz. Bu və ya başqa dronlar kömək edə bilər, lakin nəticəyə təsir göstərmir. Çünki raketlərin, artilleriyanın, hava hücumundan müdafiə sistemi məsələsi də var. Əlbəttə ki, Rusiya Federasiyasının digər müstəqil dövlətlərin ərazisində apardığı müharibələrin heç birində bu cür məhvedilmə olmayıb. Bu qədər ağır texnika, bu qədər hərbi ədəbsizlik heç vaxt olmayıb. Ümid edirəm, belə şeylər digər ölkələrin ərazisində bir daha yaşanmaz. Onları dayandırmaq bizim payımıza, ukraynalıların həyatı bahasına başa gəlir”
Mia.az xəbər verir ki, Zelenski daha sonra Rusiya ilə danışıqlardan söz açıb.
O bildirib ki, Mariupolda mühasirədə saxlanılan mülki əhali və Ukrayna hərbçiləri öldürülərsə, həmçinin, Ukraynanın hər hansı işğal olunmuş ərazilərində referendum elan olunarsa, istənilən danışıqlardan geri çəkiləcəklər: "Mühasirədəki insanlar bunu bilməli və onlara kömək etməməlidirlər. Bu, Rusiya tərəfindən atılan yanlış addımdır və əvvəlki danışıqların uydurma və sadəcə çox pis aktyorların olduğu bir teatr olduğunu deməyə əsas verir. İndi biz Rusiya ilə praqmatik dialoqdan danışırıq, hər hansı etimaddan yox. Əraziləri işğaldan azad etmək imkanı olmadığı halda, Ukrayna əsirlərin mübadiləsini təşkil etmək üçün səy göstərir".
Mia.az