Göyçay rayonunun Çərəkə kəndində iftar süfrəsində kütləvi zəhərlənmə olub.

Mia.az DİN-ə istinadla bildirir ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib:

"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib".

****

Göyçayda kütləvi zəhərlənmə hadisəsi rayondakı “Zeynəb” şadlıq sarayında baş verib.

Mia.az “Report”a istinadla xəbər verir ki, iftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib. Çox keçmədən məlum olub ki, 12 nəfərdən 10 nəfərində analoji vəziyyət yaranıb.

Rayonun Çərəkə kənd sakinləri - Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov evə getdikdən sonra ürəkbulanma və qusma halları yarandığından xəstəxanaya müraciət ediblər.

Həkimlərin səyi nəticəsində onların hər biri müayinə-müalicə tədbirləri başa çatdıqdan sonra evə buraxılıb.

Hadisəyə səbəb kimi restoranda verilən qidalar göstərilir. AQTA nümayəndələri hadisə baş verən şadlıq sarayına baxış keçirib. Qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib. Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.