Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.

Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nNazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib.

K.Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

***

"3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.

Mia.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla bildirir ki, hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər: "Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İctimaiyyətə əlavə məlumat veriləcək".

***

"Hadisə yerinə 35 təcili tibbi yardım briqadası göndərilib. Hal-hazırda da həkimlər orada çalışırlar. Saat 4:30-a olan məlumata görə, hadisə nəticəsində 24 nəfər xəsarət alıb".

Mia.az xəbər verir ki, bunları Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb:

 "Yaralılardan 13-ü kişi, 11-i qadındır. təcili tibbi yardım briqadalarının həkimlərindən aldığımız məlumata görə, yaralıların əksəriyyəti yanıq xəsarətləri alıb. Lakin müxtəlif dərəcəli travmalılar da var. Onlar müxtəlif xəstəxanalara çatdırılıblar. Yeni xəbərlər daxil olan kimi əlavə məlumatlar veriləcək".

***

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qisminin adları məlum olub.

Mia.az “Report”a istinadla xəbər verir ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Fərqanə Eynullayeva (1999), Gülbala Abdullayev, Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova  xəsarət alıblar.

Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

***

Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb: "Dünyasını dəyişənlərə Allahdan rəhmət yaralılara isə şəfa diləyirik”

***

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Mia.az-a verilən məlumata görə, dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.

Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Əlavə məlumat veriləcək.