Son illər Azərbaycanda o qədər bədniyabət hadisələrlə üzləşmişik ki, artıq heç nəyə təəccüblənmirəm. Bir ölkədə ki, şəhidə, qaziyə hörmət qoyulmursa, vətənpərvərlik lağ obyektinə çevrilirsə, rüşvət almaq, haram pul yemək, haqqı danıb nahaqqa yer vermək hünər sayılırsa, əlavə şəhrə ehtiyac yoxdur.
Düzü, cəmiyyətimizin iyrəncliklərindən yazmaqdan özüm də iyrənmişəm. Bu qədər çirkabmı olar? Bu qədər haqsızlıq, bu qədər etinasızlıq olmaz axı. Bunun axırı elə hamımız üçün çox pis nəticələnəcək. Uzatmadan mətləbə keçək...
Deməli, neçə vaxtdır ki, Kəlbəcər rayonundan məcburi köçkün, Qarabağ müharibəsi qazisi, jurnalist Müslüm Məmmədlinin səhhəti ağır durumdadır. 41 yaşlı həmkarım Müslüm 2011-ci ildən hepatit C virusu və qara ciyərin ağır serrozu xəstəliklərindən əziyyət çəkir. Həkimlər onun müalicəsinin Azərbaycanda mümkün olmadığını bildirirlər. 2011-ci ildə dişindən müalicə olunan zaman həkimlərin səhlənkarlığı nəticəsində hepatit C virusuna yoluxub. Bir müddət Bakıda müalicə olunduqdan sonra 2011-2012-ci illərdə İranda müalicə olunub. Ancaq vəziyyəti getdikcə ağırlaşıb. Həkimlərin rəyinə görə, onda qara ciyər serrozu var. Bu xəstəliyin müalicəsinin isə ancaq Türkiyədə və ya Almaniyada mümkün olduğunu bildirirlər. Buna isə Müslümün ailəsinin imkanı çatmır.
Qısaca bir bir xatırlatma verməyi özümə borc bilirəm. Müslüm Məmmədli 1991-1994-cü illərdə Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Kəlbəcərin işğalından sonra döyüş yoldaşları ilə birlikdə öz postunu tərk etmədiyindən 10 gün ermənilərin mühasirəsində qalıb. Müharibənin onun sağlamlığına vur-duğu zərbə illər boyu davam edib. Sonradan səhhətində yaranan problemlərə görə, xeyli müalicə alıb.
Mən, Müslümlə 12-13 il əvvəl "Neytral" qəzetində bir yerdə çalışmışam. Yaşca məndən böyük olsa da, tay-tuş münasibətimiz olub. Qürurlu olduğundan heç vaxt onun kimdənsə nəsə umduğunu görməmişdim. Hətta onun müharibədə iştirak etdiyini dilə gətirdiyini belə eşitməmişdim. Çünki o, bu dövlət üçün elədiyi fədakarlığın qarşılığını ummurdu. Amma bu gün dövlət də, millət də döyüşçüsünün, qazisinin yanında deyil. Onu taleyin ümidinə buraxıb.
Bir neçə gün öncə Müslümlə bağlı videomaterialı izləyəndə o qədər sarsıldım ki, hələ də özümə gələ bilmirəm. Xəstəlik Müslümü o qədər taqətdən salıb ki, danışmağa belə çətinlik çəkirdi. İki azyaşlı uşağın atalarının alınındakı təri silməsi doğurdan da çox acı səhnə idi. Müslümün alnından axan tər zəhmət yox, xəcalət təri idi.
Azərbaycanda analoqu olmayan iqtisadi inkişafdan, sosial siyasətdən, dövlətin vətəndaşlara dəstəyindən danışan səlahiyyət sahiblərinə sualım var. Müslüm həm məcburi köçkündür, həm müharibə veteranıdır, qa-zidir. Məgər bu statuslardan hər hansı birini əsas götürüb onu müalicə etmək olmazmı? Ölkəyə gələn milyonlarla neft pulu bir qazinin, döyüşçünün həyatını xilas etmirsə, yarasına dərman olmursa, onda bu pullar nəyə lazımdır? Bir ağaca 50 min manat verib bulvarda əkdirirsiz, amma darda olan insana o pulun yarısını belə qıymırsınız. Bunu nə Allah götürər, nə bəndə!