Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-ə çatıb.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsi, 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb:
"Həlak olan şəxslər:
2000-ci il təvəllüdlü Qadir Süleymanov,
1972-ci il təvəllüdlü Həsən Əliyev,
1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,
1988-ci il təvəllüdlü Asəf Rüstəmov.
Xəsarət alan şəxs:
1996-cı il təvəllüdlü Alı Əliyev.
"Hazırda Babək Rayon Prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək".
***
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi ilə əlaqədar məlumat yayıb.
Mia.az-a daxil olan məlumatda deyilir:
"Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. 2022 - ci il 31 mart tarxində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarınınçökməsi nəticəsində 3 tikinti işçisi həlak olub, bir nəfər isə xəsarət alıb.
Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır”.
***
Təhsil Nazirliyi Naxçıvanda orta məktəb binasının çökməsi və nəticədə müəllim və şagirdlər arasında ölənlərin olması ilə bağlı məlumatlara münasibət bildirib.
Mia.az xəbər verir, məlumatda deyilir:
"Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".