Azər QASIMLI

***

İkinci Dünya müharibəsinə qədər ölkələr savaş edib qənimət götürmək və ya yeni ticarət qaydaları hesabına daha zəngin olurdular. Yaponiya, Almaniya, Britaniya, Fransa, Rusiya, hətta ABŞ (1846-cı ildə Meksika ərazilərini işğal etmişdi) məhz müharibələrdə böyümüşdülər. Bu gün isə işğal məqsədli genişmiqyaslı müharibənin dağıntı və iqtisadi çökmədən savayı hər hansı qazancı yoxdur.

Almaniya, Çin, Yaponiya niyə dünyanın ən güclü ölkələri arasındadır? Çünki 10 illərdir müharibə etmirlər, pullarını dağıdıcı işlərə, bombalara xərcləmirlər. İlk növbədə məhz buna görə ABŞ-la rəqabət edəcək səviyyəyə gəlib çıxıblar.

Böyük ərazi də müharibədə formal qalibiyyət kimi tərəqqiyə və iqtisadi inkişafa gətirmir artıq. Rusiyanın böyük ərazisi, nefti, qazı və digər təbii sərvətləri var. Lakin daha rəqabətli iqtisadiyyat qura bilməyib. İndi yeni əraziləri işğal etməklə və ya başqa ölkələrin torpaqlarını öz nəzarəti altına almaqla nə qazanacaq? Əlavə neft, qaz, uran, qızılmı qazanacaq? Qazansa belə, bu ona nə verəcək? Yeni texnologiyalar, yeni elmi nailiyyətlər qazana biləcəkmi? Axı müasir iqtisadiyyatın əsas göstəriciləri və gəlir mənbəyi məhz bunlardır!

Dünyanı fəth edib yeni dünya düzəni, yeni iqtisadi model və yeni ticarət yolları açmaq üçün də Rusiyanın heç bir qlobal, iqtisadi, siyasi, elmi, texnoloji gücü yoxdur. Ukrayna müharibəsi göstərir ki, heç hərbi gücü də yoxdur. Sadəcə dinc əhalini bombalamağı bacarır.

Rusiya əlində nüvə silahı olan, hələ də İkinci Dünya müharibəsində ilişib qalan, keçmişi ilə yaşayan ölkədir. Məhz buna görə hər il 9 may paradı keçirir və buna milyonlarla pul xərcləyir. Rusiyanın dünəni var, bu günü də var, lakin gələcəyi yoxdur. Çünki gələcəyə baxışı olan liderləri yoxdur. Çünki hələ də keçmiş SSRİ elitasının nəzarəti altındadır…

Əfqanistandan sonra Rusiya eyni səhvi edir. İnkişaf etmiş ölkələr – ABŞ, Çin, Almaniya, Yaponiya, Fransa, Britaniya, Kanada və digərləri Rusiyanın çökməsini seyr edib gözləyirdilər. İndi isə çökməsi üçün hərtərəfli iş də görməyə başlayıblar.

Putin tək qalıb və Ukraynanı işğal edə bilmir. Fevralın 24-dən bəri yalnız bir böyük şəhəri – Xersonu işğal edə bilib, orada da hər gün yerli əhali etiraz mitinqinə çıxır.

Rusiya öz ətrafında bir koalisiya da yarada bilmədi. Suriya və Belarusdan başqa hər hansı ciddi dəstəyi yoxdur. Qalib gələ bilmədiyini görüb sivil hədəfləri bombalayır, bununla da hərbi cinayət törədir və özünü daha çıxılmaz vəziyyətə salır. Gücü çatmadığından bölgəyə Yaxın Şərqdən terrorçu muzdlular gətirməyə, Belarusu da müharibəyə cəlb etməyə çalışır. Özü də təhlükəsizlikdən danışa-danışa.

Ukrayna ilə Rusiyanın danışıqlarının bir faydası yoxdur. Vəziyyət dalana dirənib. Rusiya Krımın öz ərazisi kimi, Donetsk və Luqansk rejimlərinin müstəqil ölkə kimi tanınmasını istəyir. Ukrayna buna gedə bilməz. Getməməsi üçün döyüşkən ordusu və əhalisi, ölkəni müasir silahlarla təchiz edən ABŞ və Avropa var. Ukrayna bir milyon vətəndaşını silahlandırmaq imkanındadır.

Başqa şərtlərlə Putin müharibəni dayandıra bilməz. Çünki bu savaşda mütləq qalib gəlməlidir. Qalib gələ bilməsə, tək hakimiyyətini deyil, həyatını itirəcək! Sərhədə əlavə 200 min əsgər gətirə bilər. Bu da əlavə xərclər, əlavə itkilər, Rusiyanın müdafiə potensialını risk altına atmaq deməkdir. Bunu etsə də, qalib gəlməyi sual altında olacaq. İndi nə o dayanacaq, nə də Ukrayna geri addım atacaq. Bir sözlə, Putin onun üçün geriyə dönüşü olmayan labirintdədir!

Mia.az