Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxsləri məsuliyyətə cəlb edib.

Mia.az DTX-nin saytına istinadla xəbər verir ki, Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib:

"İstintaq müddətində məlum olub ki, S.Hüseynov “Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olublar.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".