“2005-ci ildə Bakıda - Gülüstan Sarayında tədbir keçirilirdi. Tədbirin sonunda cənab prezident Azərbaycan hökuməti qarşısında iki əsas tələb qoydu: Ərzaq təhlükəsizliyi və qeyri-neft sektorunun inkişafı".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Azərbaycan hələ də ərzaq təhlükəsizliyini təmin edə bilməyib. Mən həmişə demişəm ki, ölkə özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün tələbatın 80%-ni daxili istehsal hesabına ödəməlidir. Son 1 ildə dünya bazarında buğdanın qiyməti bir neçə dəfə artaraq hazırda hər tonu təxminən 300 ABŞ dollarına çatıb. Əgər bizim 6 aylıq, 1 illik ehtiyatımız olsaydı, bizdə qiymət artımı olmazdı. Mənə maraqlıdır ki, buğda alışı ilə bağlı müqavilə ancaq Rusiya ilə bağlanılır. Deyirlər ki, strateji tərəfdaşdır, ona görə. Axı Qazaxıstan, Özbəkistan kimi dost dövlətlər də var ki, onlarda da buğda istehsal edilir. Bu gün Çin dünyanın buğda və düyü ehtiyatının 60%-nə, qarğıdalı ehtiyatının 55%-nə sahibdir”, - deyə o, qeyd edib/Report.

Yeri gəlmişkən, İnam Kərimov Kənd təsərrüfatı naziri təyin olunan vaxt da onun qarşısında ərzaq təhlükəsizliyinin təmini ilə bağlı tapşırıq qoyulduğunu demişdi. O, hətta buna nail olacaqlarını da bəyan edirdi. Amma ötən 4 ildə baş verənlər göstərir ki, naziirn dediyi bu dəfə də əsassız təbliğatdan savayı bir şey deyilmiş. Onu da qeyd edək ki, ötən il işğaldan azad olunan ərazilərdə də 10 min ha-da çox taxıl əkilmişdi. Lakin görünür, oradan əldə olunan məhsullar da AZərbaycanın taxıl ehtiyatına kömək olmayıb.

Mia.az